Alimlər depressiya ilə bağlı yeni sirri açdılar: Beyində nə baş verir?

Alimlər depressiya ilə bağlı yeni sirri açdılar: Beyində nə baş verir?
25.08.2026 15:12 Maraqlı

Depressiya beyində yeni neyronların yaranması prosesini ləngidə bilər. Kolumbiya Universitetinin alimləri hipokampusda baş verən dəyişikliklərin depressiya ilə əlaqəli ola biləcəyini müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

Alimlər 30 nəfərin hipokamp toxumasından götürülmüş nümunələri araşdırıblar. Onlardan 11-i ağır depressiv pozuntu diaqnozu ilə həyatını itirib. Tədqiqat zamanı təxminən 500 min hüceyrə nüvəsinin gen aktivliyi təhlil edilib.

Məlum olub ki, depressiyadan əziyyət çəkən insanlarda daha çox fəaliyyətsiz kök hüceyrə, yetkin neyronlara çevrilən isə daha az gənc hüceyrə olub. Bu, böyüklərdə yeni sinir hüceyrələrinin yaranması prosesi olan neyrogenezin zəifləyə biləcəyini göstərir.

Tədqiqatçılar hesab edirlər ki, hipokampusda yeni neyronların azalması insanın keçmiş təcrübələri indiki hadisələrdən ayırmaq qabiliyyətinə təsir göstərə bilər. Nəticədə mənfi xatirələr və gözləntilər yeni vəziyyətlərin qavranılmasına daha çox təsir edə bilər.

Araşdırmada serotonin və qlütamat siqnalizasiyası, stress reaksiyası, iltihab və hüceyrə metabolizmi ilə bağlı dəyişikliklər də aşkarlanıb.

Bununla belə, alimlər vurğulayırlar ki, araşdırma neyrogenezin azalmasının depressiyaya birbaşa səbəb olduğunu sübut etmir. Depressiyanın müxtəlif bioloji mexanizmlərlə əlaqəli ola biləcəyi qeyd edilir.

Tədqiqatçılar gələcəkdə hipokampusun yeni neyronlar yaratmaq qabiliyyətinin bərpasının mümkün müalicə üsullarından birinə çevrilə biləcəyini düşünürlər. Bunun üçün isə insanlar üzərində əlavə araşdırmalar və klinik sınaqlar tələb olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər