45 saat işləmək lazım deyil: Mütəxəssis ideal iş qrafikini açıqladı
ABŞ-dən olan rəhbər kouçu Şeyn Artur iş məhsuldarlığını artırmaq üçün iş qrafikinin düzgün təşkil edilməsinin vacib olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, “Business Insider” üçün yazdığı məqalədə o, insanlara bazar günləri işləməməyi və bazar ertəsi səhər iş görüşləri keçirməməyi tövsiyə edib. Onun sözlərinə görə, bazar günü axşamdan işə hazırlaşmaq və həftəyə dərhal intensiv şəkildə başlamaq heç də ən yaxşı yanaşma deyil.
Artur hesab edir ki, bazar ertəsi səhərinin ilk saatı işçilərin qarşısında vacib tapşırıqları müəyyənləşdirməsi və həftəni planlaşdırması üçün “qorunan vaxt” olmalıdır. O, həmçinin cümə gününün ikinci yarısını geridə qalan həftəni nəzərdən keçirməyə və növbəti həftəyə hazırlaşmağa ayırır.
Kouç gün ərzində ən vacib tapşırıqları ilk növbədə yerinə yetirməyi də məsləhət görür. Onun fikrincə, çoxsaylı zəng və görüşlərə vaxt ayıran insanlar günün sonunda əsas işlərini çatdıra bilmirlər və onları axşam saatlarında tamamlamaq məcburiyyətində qalırlar.
Artur vurğulayıb ki, düzgün təşkil olunmuş 35 saatlıq iş həftəsi səmərəsiz və gərgin keçən 45 saatlıq iş həftəsindən daha yaxşıdır.
Kübra Musayeva