Üç futbol ulduzu birləşdi: “Eştrela”nın 90 faizini aldılar

Üç futbol ulduzu birləşdi: “Eştrela”nın 90 faizini aldılar
25.08.2026 16:32 İdman

Alman futbolunun tanınmış simaları Tomas Müller, Mats Hummels və Yan Zommerin də daxil olduğu investorlar qrupu Portuqaliyanın Amadora şəhərini təmsil edən “Eştrela” klubunun səhmlərinin 90 faizini 40 milyon avroya alıb.

TodayPress TV “Record”a istinadən xəbər verir ki, bu, Portuqaliya futbolunda ictimai statuslu idman şirkətinin alınması ilə bağlı ən böyük sövdələşmədir.

Müqayisə üçün, klubun əvvəlki sahibi Paulu Lopu 2020-ci ilin iyulunda “Eştrela”nı komanda üçüncü liqada çıxış etdiyi vaxt cəmi 72 min avroya satın almışdı. Klub 2023/2024 mövsümündə yüksək liqaya – Primeyraya qayıtmağa nail olub.

Bununla belə, “Eştrela”nın maliyyə vəziyyəti hələ də mürəkkəb olaraq qalır. Klub 2026-cı ilin mayında 25 milyon avronu ötən borcun restrukturizasiyası üçün məhkəməyə müraciət edib.

Tomas Müller “Bavariya”nın heyətində 13 dəfə Almaniya çempionu olub, 6 dəfə ölkə kubokunu qazanıb. O, iki dəfə Çempionlar Liqasının, həmçinin UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. Almaniya millisinin heyətində isə 2014-cü ildə dünya çempionu adını qazanıb.

Mats Hummels karyerası ərzində “Borussiya” (Dortmund), “Bavariya” və “Roma”nın formasını geyinib. O, 5 dəfə Almaniya çempionu, 3 dəfə ölkə kubokunun və 5 dəfə Superkubokun qalibi olub. Hummels Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub.

İsveçrə millisinin qapıçısı Yan Zommer isə “Bazel”, “Borussiya” (Mönhenqladbax), “Bavariya” və “İnter”də çıxış edib. “Bavariya” ilə Almaniya çempionu olan Zommer “İnter”in heyətində iki dəfə İtaliya çempionluğunu və bir dəfə ölkə Superkubokunu qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər