“Qarabağ”da zədə şoku: Cəfərquliyev 3 ay olmayacaq
“Qarabağ” klubunun zədəli futbolçularının son durumu açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi Elvin Cəfərquliyev əməliyyat olunacaq. Avqustun 13-də keçirilən “Qarabağ” – “Dinamo” (Kiyev) qarşılaşmasında zədə alan futbolçu üzərində ilkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan məsləhətləşmələrdən sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib.
Elvin Cəfərquliyevin tam bərpası və futbola qayıtması təxminən 3 ay çəkəcək. Yarımmüdafiəçinin bərpa müddəti reabilitasiya prosesindən asılı olaraq dəyişə bilər.
“Qarabağ”ın digər zədəli yarımmüdafiəçisi Pedro Bikalyo artıq komanda ilə məşqlərə qoşulub.
Renaldo Sefasın bərpa prosesində də müsbət dinamika müşahidə olunur. Onun “Tvente” ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer almaq ehtimalı var. Yarımmüdafiəçinin qarşılaşmada meydana çıxması ilə bağlı yekun qərar son vəziyyəti nəzərə alınmaqla veriləcək.
Hücumçu Zakaria Savonun isə bərpa prosesi davam edir. Onun təxminən 3-5 həftə ərzində baş məşqçi Qurban Qurbanovun sərəncamında olması gözlənilir.
Namiq HUN