Bəzi xroniki xəstəliklərin psixoloji səbəbləri ola bilər
Mütəxəssislər bildirirlər ki, bəzi xroniki xəstəliklərin yaranmasında təkcə fizioloji deyil, psixoloji amillər də rol oynaya bilər. Bu səbəbdən həkimlər müayinələrdən sonra bəzi xəstələrə psixoloq və ya psixiatrla məsləhətləşməyi tövsiyə edirlər.
TodayPress TV xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yüksək təzyiq, ürək döyüntüsünün sürətlənməsi və mədə-bağırsaq problemləri kimi əlamətlər uzunmüddətli stress və emosional gərginliklə əlaqəli ola bilər.
Stress zamanı orqanizm təhlükəyə hazırlaşır: qan təzyiqi yüksəlir, ürək daha sürətli döyünür və əzələlər gərginləşir. Bu vəziyyət uzun müddət davam etdikdə orqanizmə mənfi təsir göstərə bilər.
Psixosomatik amillərlə əlaqələndirilən xəstəliklər arasında hipertoniya, ürək-damar xəstəlikləri, mədə xorası, bronxial astma, revmatoid artrit, xoralı kolit və atopik dermatit kimi xəstəliklər qeyd olunur.
Mütəxəssislər vurğulayırlar ki, psixoloji faktorlar xəstəliyin yeganə səbəbi deyil və belə simptomlar zamanı ilk növbədə tibbi müayinədən keçmək vacibdir. Uzunmüddətli stress, ağır emosional hadisələr və davamlı münaqişələr isə xəstəliyin yaranmasına və ya əlamətlərin güclənməsinə təsir göstərə bilər.
Türkan İsgəndərli