“Azarkeşlər mənimlə fəxr etsinlər” – Buaddidən “Siti”yə iddialı mesaj
“Mançester Siti”nin “Lill”dən transfer etdiyi və 5 illik müqavilə imzaladığı yarımmüdafiəçi Ayub Buaddi yeni klubundakı gözləntilərindən və hədəflərindən danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
17 yaşlı futbolçu “Mançester Siti”də uğur qazanmaq istədiyini bildirib:
“Gələcəyim haqqında çox danışdıq. Axı mən məhz gələcəyim naminə buradayam. Böyük klubda oynayarkən qazanmalı olduğumuzu başa düşürük. Bundan sonra nə olacağını görəcəyik. Əsas odur ki, özümü 100 faiz komandanın uğuruna həsr etməyə və hər zaman kollektivin yanında olmağa hazıram.
Düşünürəm ki, burada ən vacib məsələ qalib gəlməkdir. Böyük klubda mütləq qazanmalısan və biz də bunun üçün çalışacağıq. Qarşımıza qoyulan məqsədlərə çatmaq üçün bütün gücümüzü ortaya qoyacağıq.
Yeni kluba gələndə ən vacib məsələlərdən biri yeni futbolçular, əməkdaşlar və azarkeşlərlə tanış olmaqdır. Məhz azarkeşlər sənə dəstək olacaq, komandanın oyunlarını izləmək üçün müxtəlif şəhərlərə səfər edəcəklər. Buna görə də onlarla görüşməyi səbirsizliklə gözləyirəm və istəyirəm ki, mənimlə fəxr etsinlər.
Mən Qvardiolanın rəhbərliyi dövründə “Mançester Siti” ilə birlikdə böyümüşəm. Onun kluba gəldiyi vaxtdan gördüyü işlər möhtəşəmdir. Amma “Siti”nin dünyanın ən böyük klublarından biri olduğunu anlamaq üçün bunun özü də kifayətdir. Burada ən yaxşı futbolçular, ən güclü komanda və əla infrastruktur var. Yüksək nəticələr qazanmaq və maksimum səviyyədə çıxış etmək üçün burada hər şey yaradılıb.
Hesab edirəm ki, Premyer Liqa dünyanın ən cəlbedici və ən rəqabətli çempionatıdır. Dünyanın ən yaxşı liqasıdır. Buna görə də hər futbolçu Premyer Liqada çıxış etmək arzusundadır. Ümid edirəm ki, mən də orada mümkün qədər tez oynaya biləcəyəm”.
Namiq HUN