“Formula-1”də gözlənilməz ssenari: İmola əlavə Qran-Prini qəbul edə bilər
İtaliyanın Avtomobil Klubunun (ACI) prezidenti Ceronimo La Russa ölkəsinin bu mövsüm “Formula-1” üzrə ikinci Qran-Prini qəbul etməyə hazırlaşdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Gpblog” məlumat yayıb.
La Russanın sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət səbəbindən çempionatın Abu-Dabidə başa çatdırılması mümkün olmasa, İtaliya alternativ variant kimi əlavə yarış keçirməyə hazır olacaq.
“Yaxın Şərqdəki mürəkkəb beynəlxalq vəziyyəti nəzərə alaraq, hökumət və idman təşkilatları ilə birlikdə ölkəmizdə ikinci Formula 1 Qran-Prisini keçirməyə hazır olmaq üçün çalışırıq. Bu, potensial olaraq artıq bir neçə ay sonra, cari mövsüm çərçivəsində baş tuta bilər.
İmola daha bir “Formula-1” dünya çempionatı mərhələsinin keçirilməsi üçün ideal seçimdir”, – deyə La Russa bildirib.
Qeyd edək ki, daha əvvəl “Formula-1”in baş direktoru Stefano Domenikali mövsümün Abu-Dabi Qran-Prisi ilə başa çatacağını bildirmişdi.
Namiq HUN