Venera 3 milyard il yaşamağa yararlı ola bilər
NASA alimlərinin yeni araşdırması Veneranın keçmişi ilə bağlı təəccüblü ehtimal ortaya qoyub.
TodayPress TV xəbər verir ki, modelləşdirməyə görə, planetdə okeanlar mövcud olsaydı, Venera təxminən 3 milyard il ərzində yaşayış üçün əlverişli şəraitə malik ola bilərdi.
Alimlər "ROCKE-3D" modeli ilə 45 fərqli ssenarini araşdırıblar. Nəticələrə əsasən, Venerada maye su olduğu halda planetin orta temperaturu 20-50°C arasında dəyişə bilərdi.
Tədqiqatçılar hesab edir ki, Veneranın çox yavaş fırlanması burada mühüm rol oynayıb. Planetdə bir gün 117 Yer gününə bərabərdir. Uzunmüddətli istiləşmə nəticəsində yaranan sıx buludlar günəş şüalarının bir hissəsini kosmosa qaytararaq temperaturun həddindən artıq yüksəlməsinin qarşısını ala bilərdi.
Alimlərin fikrincə, bu dövr təxminən 700 milyon il əvvəl başa çatıb. Güclü vulkan püskürmələri atmosferə böyük miqdarda karbon qazı buraxaraq güclü istixana effektinə səbəb ola bilərdi. Su isə buxarlanaraq ultrabənövşəyi şüaların təsiri ilə parçalanıb və hidrogenin bir hissəsi kosmosa qaçıb.
Lakin bütün alimlər bu versiya ilə razı deyil. Əvvəlki tədqiqatlar Veneranın qədimdə belə isti olduğunu və suyun yağış şəklində səthə qayıda bilmədiyini göstərib.
Veneranın həqiqətən vaxtilə okeanlara sahib olub-olmadığını gələcək missiyalar aydınlaşdıra bilər. NASA-nın "DAVINCI" missiyası planetin atmosferini və kimyəvi tərkibini araşdıraraq onun keçmişinə dair yeni sübutlar axtaracaq.
Türkan İsgəndərli
TodayPress TV