"SpaceX"dən nəhəng layihə: 100 milyard dollarlıq kosmik baza tikilir
Amerikalı milyarder İlon Maskın "SpaceX" şirkəti ABŞ-nin Luiziana ştatında təxminən 100 milyard dollar dəyərində nəhəng kosmik buraxılış kompleksi tikməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, şirkətin və Luiziana hakimiyyətinin məlumatına görə, obyekt Meksika körfəzi sahilində yerləşəcək.
Layihə həyata keçirilərsə, bu, "SpaceX"in indiyədək ən böyük buraxılış mərkəzi olacaq.
Kompleksdə 5 buraxılış kompleksi və ümumilikdə 10 platformanın yaradılması nəzərdə tutulur. Tikinti işlərinə 2027-ci ildə başlanması, ilk "Starship" raketlərinin isə 2029-cu ildə buradan buraxılması planlaşdırılır.
"SpaceX" gələcəkdə yeni mərkəzdən ildə minlərlə buraxılış həyata keçirməyi hədəfləyir.
Şirkət hazırda Texasda "Starship" raketləri üçün əsas buraxılış mərkəzini inkişaf etdirir. "SpaceX"in uzunmüddətli planlarına Ay və Marsa müntəzəm uçuşların həyata keçirilməsi və Yer kürəsindən kənarda daimi insan məskənlərinin yaradılması daxildir.
Türkan İsgəndərli
TodayPress TV