Çeferin Rusiya idmançıları ilə bağlı mövqeyini açıqladı
UEFA prezidenti Aleksander Çeferin Rusiya komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı mövqeyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Rest Is Football” məlumat yayıb.
Çeferin bildirib ki, idmançıların siyasi qərarlara görə əziyyət çəkməsini istəmir və boykotları bəyənmir. Bununla belə, hazırkı vəziyyətdə Rusiyanın beynəlxalq yarışlara qayıtması ilə bağlı fərqli qərarın qəbul edilməsini mümkün hesab etmir.
“Əvvəla, mən boykotları sevmirəm. İdmançıların siyasi qərarlara görə əziyyət çəkməsi xoşuma gəlmir. Təəssüf ki, onlar artıq dörd ildir oynaya bilmirlər. Lakin hazırda başqa qərar qəbul etmək mümkün deyil”, – deyə UEFA prezidenti bildirib.
Çeferin xüsusilə gənc idmançıların vəziyyətindən narahat olduğunu vurğulayıb. Onun sözlərinə görə, 17 yaşlı idmançıların siyasi qərarlara görə yarışlardan kənarda qalması ədalətli deyil.
“17 yaşlı rusiyalı qız və oğlanlar hətta səs vermirlər. Bunun onların günahı olması necə mümkündür? Buna baxmayaraq, onlar yeniyetmələr arasında keçirilən yarışlarda iştirak edə bilmirlər”, – Çeferin deyib.
UEFA rəhbəri böyüklər arasında Rusiya komandalarının yarışlara qayıtması ilə bağlı isə hazırkı münaqişə başa çatmadan hər hansı dəyişiklik gözləmədiyini bildirib.
“Yeniyetmələr məsələsində nə baş verəcəyinə baxacağıq. Böyüklərə gəldikdə isə, bunun başa çatmasına qədər nəsə edə biləcəyimizi düşünmürəm. Ümid edirik ki, bu vəziyyət başa çatacaq. Lakin artıq dörd ildir bunu gözləyirik”, – deyə Çeferin əlavə edib.
Çeferin həmçinin idmanın bütöv xalqlara qarşı nifrət vasitəsinə çevrilməməli olduğunu və gənclərin oynamaq imkanının vacibliyini qeyd edib.
Namiq HUN