Bakıda 6 ölkə bir arada!: Çimərlik güləşində böyük yarışa hazırlıq gedir
Çimərlik güləşi üzrə Azərbaycan millisi Bakıda keçiriləcək yarışlara hazırlığı davam etdirir.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından (AGF) məlumat verilib.
U-17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsinə hazırlıq xarakteri daşıyan son təlim-məşq toplanışı Avropa Oyunları Parkında və AGF-nin təlim-məşq bazasında keçirilir.
Milli komandanın məşqçiləri və üzvləri yarışlara hazırlığı dəyərləndiriblər.
Oyan Nəzəriani, milli komandanın baş məşqçisi:
"Hazırlığın son mərhələsindəyik. Hazırda 6 ölkənin iştirakçıları ilə birgə təlim-məşq toplanışı keçirik. ABŞ, Ukrayna, Serbiya, Xorvatiya, Əlcəzair və Türkiyə millisinin üzvləri son hazırlıq prosesinə qatılıblar. Toplanışın çox faydalı keçdiyini düşünürəm. Bu gün son yoxlama görüşlərimizi keçirdik. Avqustun 27-də yarışın startına hazır olacağıq".
İbrahim Yusubov, milli komandanın məşqçisi:
"Yarışa yüksək səviyyədə hazırlaşırıq. Komanda Bakıda keçiriləcək hər 2 məsul yarışa böyük səylə hazırlaşır. Toplanışa əcnəbi komandaların qatılması hazırlığın keyfiyyətini artırır. Əlimizdən gələni edəcəyik ki, həm U-17 dünya çempionatında, həm də Dünya Seriyasının IV mərhələsində uğurlu nəticəyə imza ataq".
Ülviyyə Musayeva, milli komandanın üzvü:
"Bu dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı Bakıda keçirilir. Hal-hazırda bu yarışa 6 komanda ilə birgə hazırlaşırıq. Məqsədim doğma məkanda uğurlu çıxış etmək və titulumu qoruyaraq ikiqat dünya çempionu olmaqdır. Ondan sonra isə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da uğura imza atmağa çalışacağam".
Əşrəf Aşırov, milli komandanın üzvü:
"Bakıda keçiriləcək Dünya Seriyasının IV mərhələsinə intensiv hazırlaşırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Azarkeşləri qələbələrlə sevindirmək üçün var gücümüzü ortaya qoyacağıq".
Xatırladaq ki, avqustun 27-də U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Hər iki yarış "Sea Breeze" istirahət mərkəzində təşkil ediləcək.