Yeddiqat çempion Antonellidən danışdı: “Onun zəif tərəfini görmürəm!”
“Ferrari” pilotu Lyuis Hemilton “Formula-1” üzrə dünya çempionatının lideri, “Mercedes”in 19 yaşlı pilotu Andrea Kimi Antonellinin mövsümün ilk yarısındakı çıxışını dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Yeddiqat dünya çempionu gənc italiyalının sürətini və performansını yüksək qiymətləndirib.
“Açıq-aydın, o, çox sürətlidir və möhtəşəm iş görür. 19 yaşında olanda həyatında, əslində, o qədər də çox başqa qayğı olmur və buna görə də əlavə təzyiq daha az olur. Mən özümü həmin yaşda xatırlayıram, o vaxt həyat nisbətən daha asan idi.
Bununla belə, bu, qarşıda onu çətin işlərin gözləmədiyi anlamına gəlmir. Amma o, həqiqətən də əla çıxış edir. Mən hətta onun zəif tərəflərini axtarmağa çalışmıram, çünki düşünmürəm ki, bu mövsüm ərzində belə bir tərəf göstərib. Biz sadəcə çox çalışmalı və ona təzyiq göstərməyə davam etməliyik”, – deyə Hemilton bildirib.
Namiq HUN