Asiyada qüvvələr nisbəti dəyişir: Çin hərbi qüvvələrini və texnologiyalarını İndoneziyaya aparır
Çin və İndoneziya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.
TodayPress TV xəbər verir ki, Çin və İndoneziya hərbi əməkdaşlığı genişləndirmək, həmçinin faydalı qazıntılar, enerji və texnologiyalar sahəsində daha sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Çinin xarici işlər naziri Van İ ÇXR-in müdafiə naziri ilə birlikdə İndoneziyanın paytaxtı Cakartaya səfər edərək indoneziyalı həmkarları ilə danışıqlar aparıb. Van İ hər iki ölkəni “mövcud məqamdan yararlanmağa” çağırıb.
“Hazırkı beynəlxalq vəziyyət bir-biri ilə sıx əlaqəli və mürəkkəbdir. Birtərəfli addımlar və hegemonluq cəhdləri qlobal əməkdaşlığa və sabitliyə ciddi təsir göstərir”, – deyə Van İ görüşün əvvəlində bildirib.
Onun sözlərinə görə, Çin “Çin-İndoneziya əməkdaşlığını yüksək səviyyədə fəal şəkildə inkişaf etdirmək” niyyətindədir.
Tərəflər süni intellekt, müdafiə və dəmir yolu nəqliyyatından tutmuş yaşıl enerji, peyk texnologiyaları və balıqçılığa qədər bir sıra istiqamətlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Van İ bildirib ki, Pekin və Cakarta bir-birinin əsas maraqlarını dəstəkləmək, enerji və təbii ehtiyatlar sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Çinin müdafiə naziri Dun Tszyun cümə günü İndoneziyanın müdafiə naziri Syafri Syamsoeddinlə danışıqlardan əvvəl fəxri qarovul tərəfindən qarşılanıb.
“İki silahlı qüvvə arasında əməkdaşlıq perspektivləri genişdir və bu əməkdaşlıq daha keyfiyyətli və effektiv xarakter alır”, – deyə Dun Tszyun bildirib.
Syamsoeddinin sözlərinə görə, ölkələr arasında hərbi əməkdaşlıq genişləndiriləcək. Söhbət birgə hərbi təlimlərdən, zabit mübadiləsindən və müdafiə sənayesində tərəfdaşlıqdan gedir.
“Bu, İndoneziyanın həm hazırda, həm də gələcəkdə müdafiə potensialının gücləndirilməsi üçün müasir dövrdə atılan mütərəqqi addımdır”, – deyə İndoneziyanın müdafiə naziri bildirib.
Qiymət Mahir