Futbolda yeni era? UEFA və CONCACAF birgə Millətlər Liqası yaradır!
UEFA və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) birgə Millətlər Liqasının yaradılması variantını nəzərdən keçirir.
TodayPress TV “The Guardian”a istinadən xəbər verir ki, layihənin Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonun dünya çempionatının yayım və kommersiya hüquqlarının bir hissəsinin satılması ilə bağlı təklifinə qarşı mövqe kimi gündəmə gətirildiyi bildirilir.
Yeni turnirdə UEFA və CONCACAF-a daxil olan 96 milli komandanın iştirak etməsi nəzərdə tutulur. Yenilənmiş Millətlər Liqasının ilk mövsümünün 2028-ci ildə keçirilməsi planlaşdırılır.
Təklifə əsasən, qrup mərhələsi payızda, pley-off oyunları martda, final mərhələsi isə iyunda təşkil olunacaq. Turnirin iki ildən bir keçirilməsi planlaşdırılır.
Yeni formatın hazırkı Millətlər Liqasına bənzər olması, komandaların müxtəlif liqalara bölünməsi gözlənilir. Məsələn, A Liqasında Avropadan İspaniya, İngiltərə, Fransa və Almaniya, Şimali Amerikadan isə ABŞ, Meksika və Kanada kimi yığmaların yer alması mümkündür.
Hazırda UEFA və CONCACAF Millətlər Liqası oyunlarını milli komandalar üçün nəzərdə tutulan eyni pəncərələrdə keçirir. Bu amilin yeni birgə turnirin yaradılmasını asanlaşdıra biləcəyi bildirilir.
Bununla belə, layihənin FIFA tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi hələ məlum deyil.
Namiq HUN