Günəşdə güclü partlayış: Yer üçün təhlükə yarana bilər
Alimlər avqustun 21-də Günəşdə güclü M sinifli partlayış qeydə alıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bakı vaxtı ilə saat 13:50-də rentgen diapazonunda M1.6 səviyyəli Günəş alovlanması baş verib.
Mütəxəssislərin məlumatına görə, avqustun 20-də Günəşdə daha üç M sinifli və 16 C sinifli alovlanma qeydə alınıb. Yaxın günlərdə daha güclü X sinifli partlayışların baş verməsi də gözlənilir.
Günəş alovlanmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş kateqoriyaya bölünür. Hər növbəti sinif əvvəlkindən 10 dəfə güclüdür. Buna görə M sinifli alovlanmalar artıq kifayət qədər güclü hadisələr hesab olunur.
Alimlər bildirirlər ki, belə partlayışlar plazma emissiyaları ilə müşayiət oluna bilər. Plazma buludlarının Yerə çatması isə maqnit fırtınalarına səbəb ola bilər.
Qeyd edək ki, iyul ayında Günəş bir gündə qeydə alınan alovlanmaların sayına görə son iki ilin rekordunu yeniləyib. Həmin gün C və daha yüksək kateqoriyalı 24 alovlanma qeydə alınıb.
Türkan İsgəndərli