Minlərlə metr dərinlikdə gizlənən qəribə canlı: “Dumbo” ahtapotları
Okeanın ən dərin və qaranlıq hissələrində yaşayan “Dumbo” ahtapotları görünüşləri ilə digər növlərdən fərqlənir. Grimpoteuthis cinsinə aid bu canlılar qulağa bənzəyən üzgəclərinə görə “Dumbo” adlandırılır.
TodayPress TV xəbər verir ki, məlumata görə, bu ahtapotların orta uzunluğu 20-30 santimetrdir. Qeydə alınan ən böyük nümunənin uzunluğu 1,8 metr, çəkisi isə 5,9 kiloqram olub.
“Dumbo” ahtapotları əsasən 1000-4000 metr dərinlikdəki batial və daha aşağı, 5000-6000 metr dərinlikdəki abissal zonalarda yaşayırlar. Yumşaq, jeləbənzər bədənləri yüksək su təzyiqinə davam gətirmələrinə imkan verir.
Onlar üzgəclərini hərəkət etdirərək suda üzür, əsasən xırda xərçəngkimilər, qurdlar, ilbizlər və ikitaylı molyusklarla qidalanırlar. Mütəxəssislər bu canlıların dərin sularda yaşaması səbəbindən hələ də kifayət qədər öyrənilmədiyini bildirirlər.
Kübra Musayeva