“McLaren”də ziddiyyət: Norris qalib oldu, Piastri 6-cı yerdə qaldı
“Formula-1” üzrə “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Niderland Qran-prisindəki çıxışını şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.
Avstraliyalı sürücünün sözlərinə görə, yarışın əvvəlində sərt təkərlərlə sona qədər getmək planlaşdırılıb. Lakin qısa müddət sonra bu təkərlərin gözlənildiyi qədər effektiv olmadığı məlum olub.
Piastri ilk pit-stopun ləng keçməsinin də nəticəyə mənfi təsir etdiyini bildirib. Onun fikrincə, yarışın gedişində müxtəlif strategiyalar tətbiq olunsa da, məhz strategiya onun uğursuz çıxışının əsas səbəbi olmayıb.
“Dəqiq bir problem yoxdur. Düşünürəm ki, ilk hissə qənaətbəxş idi. Ortada çətin dövr oldu, lakin sonlara doğru hər şey yaxşılaşdı. Daha sonra sərt təkərlərlə ikinci hissənin ilk beş dövrəsi normal keçdi, ardınca isə vəziyyət tamamilə qarışdı”, – Piastri deyib
Avstraliyalı pilot bildirib ki, yarışın sonunda hər iki “Ferrari” pilotunun onu ötməsindən sonra təkərlərinə trasdakı rezin qalıqları və digər materiallar yığılıb. O, son yarışlarda temp çatışmazlığının təkrarlanmasından narahat olduğunu vurğulayıb.
Piastri komandanın bolidinin sürətli olduğunu və Norrisin böyük üstünlüklə qalib gəlməsinin də bunu göstərdiyini qeyd edib. Bununla belə, özü bolidin potensialından tam istifadə edə bilmədiyini etiraf edib.
“Lando yarışı böyük fərqlə qazandı, deməli, maşın yaxşı vəziyyətdədir. Son iki həftəsonunda bolid sürətli idi və düşünürəm ki, bu iki trek ona yaxşı uyğun gəlir. Sadəcə, nədənsə mən bu sürəti göstərə bilmədim”, – Piastri bildirib.
Qeyd edək ki, Piastri Zandvortda keçirilən yarışa beşinci pillədən başlayıb və finişə altıncı çatıb. Komandanın digər pilotu Lando Norris isə yarışı qalib kimi başa vurub.
Namiq HUN