İnfantinonun hakimiyyəti sual altında: Çeferindən mühüm mesaj

İnfantinonun hakimiyyəti sual altında: Çeferindən mühüm mesaj
24.08.2026 11:46 İdman

UEFA prezidenti Aleksander Çeferin FIFA prezidenti Canni İnfantinonun vəzifədən gedə və ya 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirakdan imtina edə biləcəyini bildirib.

TodayPress TV xəbər veriri ki, Çeferin “Rest is Politics” podkastında bunun İnfantinonun futbol ictimaiyyətinin geniş dəstəyinə malik olmadığını anlaması halında baş verə biləcəyini deyib.

UEFA rəhbəri mümkün inkişafla bağlı iki ssenari irəli sürüb. Birinci ssenariyə əsasən, İnfantino yalnız seçicilər arasında deyil, azarkeşlər, futbolçular, sabiq oyunçular və məşqçilər arasında da kifayət qədər dəstəyinin olmadığını qəbul edə bilər.

İkinci ssenari isə İnfantinonun mart ayında keçiriləcək seçkilərdə iştirakını nəzərdə tutur. Çeferinin fikrincə, bu halda hazırkı FIFA prezidentinin qarşısına hələ adı müəyyənləşməyən rəqib çıxa bilər.

Çeferin, həmçinin dünya çempionatının keçirilmə hüquqlarının bir hissəsinin satılması ilə bağlı təşəbbüsün müzakirəyə çıxarılmasından sonra İnfantino ilə danışmadığını bildirib.

Qeyd edək ki, İnfantino daha əvvəl FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət etməsi nəzərdə tutulan “FIFA Forward Enterprise” şirkətinin yaradılmasını təklif edib. Federasiyanın hesablamalarına görə, layihənin həyata keçirilməsi təxminən 4,2 milyard dollar gəlir gətirə, FIFA üzvü olan assosiasiyaların gəlirlərinin artmasına və dünya futbolunun inkişafına töhfə verə bilərdi.

Lakin təşəbbüs bir sıra futbol konfederasiyaları və təşkilatlarının ciddi tənqidinə səbəb olub. UEFA, KONKAKAF, AFC və KONMEBOL layihəyə dəstək verməkdən imtina edib. UEFA, həmçinin konsepsiyadan rəsmi şəkildə imtina edilməyənədək FIFA-nın himayəsi altında keçirilən turnirləri boykot etmək niyyətində olduğunu açıqlayıb.

Canni İnfantino 2016-cı ilin fevralında FIFA prezidenti seçilib və daha sonra iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib. O, 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılan növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu daha əvvəl açıqlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər