“Tvente” Bakıya iddialı gəlib: “Heç bir bəhanəmiz ola bilməz”
“Tvente”nin baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçiriləcək cavab matçından öncə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, niderlandlı mütəxəssis Bakıda keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında komandasının mərhələni keçmək üçün mübarizə aparacağını bildirib.
“Hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. İlk oyunda zəif çıxış etdiyimiz məqamları düzəltməyə çalışmışıq və buna kifayət qədər vaxt ayırmışıq. Rəqibdən əvəz çıxmaq və mərhələni keçmək üçün yaxşı imkanımız olacaq. Artıq heç bir bəhanəmiz ola bilməz, nəticə qazanmalıyıq”, – deyə van den Brom bildirib.
Mütəxəssis “Qarabağ”ın oyununa da münasibət bildirib:
“Rəqibdən çəkinmirik. Lakin deyə bilərəm ki, ‘Qarabağ’ın kifayət qədər yaxşı futbolçuları var. Sürətli oyunçuları və güclü taktikaları var. İlk oyunda necə bir komanda ilə qarşılaşdığımızı gördük. Buna görə daha diqqətli olmalıyıq”.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Komandalar arasında Niderlandda baş tutan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.
Namiq HUN