“Bayquşlar”dan möhtəşəm tarix: “Sabah” rekordları alt-üst etdi
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə (1:2, 5:2) məğlub edərək tarixində ilk dəfə turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.
TodayPress TV Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin bu uğuru bir sıra rekordlarla əlamətdar olub.
“Sabah” UEFA Çempionlar Liqasındakı debüt mövsümündə əsas mərhələyə qədər irəliləyən ilk Azərbaycan klubu olub.
Paytaxt təmsilçisi həm də Çempionlar Liqasındakı ilk mövsümündə 4 mərhələni keçərək əsas mərhələyə yüksələn ilk Azərbaycan komandasıdır. Ümumilikdə isə bu, Azərbaycan təmsilçisinin avrokuboklarda əsas mərhələyə çatmaq üçün dörd mərhələ adladığı üçüncü haldır. “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində UEFA Avropa Liqasında dörd rəqibi mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib.
“Sabah” həmçinin bir mövsüm ərzində avrokubokların təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk Azərbaycan klubu olub. “Bayquşlar” bununla qrup və ya Liqa mərhələsinə qədər 5 qələbə qazanan “Qarabağ”ın (2013/14, 2023/24, 2025/26) və “Qəbələ”nin (2016/17) rekordunu yeniləyib.
Paytaxt klubu cari mövsümdə UEFA reytinqində Azərbaycana 1,500 xal qazandırmaqla təsnifat və pley-off mərhələlərində ölkə futbolu tarixinin rekord göstəricisini də təkrarlayıb. “Qarabağ” 2023/24 mövsümündə 5 qələbə və 2 heç-heçə ilə eyni nəticəyə nail olmuşdu.
Namiq HUN