İtlərin insan emosiyalarını necə “oxuduğu” məlum oldu
İtlər insanların üz ifadələrindəki müxtəlif emosiyaları, o cümlədən müsbət və mənfi hissləri bir-birindən ayırd edə bilir
TodayPress TV xəbər verir ki, Vyana Universitetinin tədqiqatı itlərin insan emosiyalarını oxumaq və onlara reaksiya vermək qabiliyyətinə malik olduğuna dair bu növ ilk birbaşa sübut hesab olunur.
Tədqiqatçılar 12 border-kolli cinsindən olan itin beyin görüntülərini təhlil ediblər. Heyvanlara müxtəlif emosiyalar ifadə edən insanların üzlərinin görüntüləri göstərilib.
İtlərin yüksək idrak funksiyaları və mükafat mexanizmləri ilə əlaqəli beyin bölgələrinin yalnız xoşbəxt insanların görüntülərinə baxarkən aktivləşdiyi müəyyən edilib.
İnsanların qəzəbli, qorxmuş və kədərli üz ifadələri göstərildikdə isə həmin beyin bölgələrində heç bir reaksiya qeydə alınmayıb.
Daha sonra tədqiqatçılar border-kollilərin bütün beyin üzrə reaksiyalarını araşdırıblar. Nəticədə qorxu, qəzəb və kədər emosiyalarını bir-birindən fərqləndirən müxtəlif aktivlik nümunələri müəyyən edilib.
Tədqiqatçılar qeyd ediblər ki, bu, itlərin mənfi emosiyalar ifadə edən iki fərqli insan üzünü bir-birindən ayıra bildiyini göstərən ilk sübutdur.
Aysel Mətləb