Avropanın nəhəngləri yeni Superkubok üçün Əbu-Dabidə toplaşacaq
Avroliqa və Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti basketbol üzrə Avroliqa Superkubokunun yaradıldığını elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Avroliqanın rəsmi saytı məlumat yayıb.
İlk turnir 18-19 sentyabr tarixlərində BƏƏ-nin Əbu-Dabi şəhərindəki “Etihad Arena”da keçiriləcək.
Debüt turnirində Avroliqanın hazırkı çempionu “Olimpiakos”, 2025-ci ilin çempionu “Fənərbağça”, 2026-cı ilin finalçısı “Real Madrid” və ev sahibi ölkəni təmsil edən BC “Dubai” iştirak edəcək.
Avroliqanın prezidenti Dejan Bodiroqanın sözlərinə görə, Superkubokun yaradılması Avropa klub basketbolunda yeni mərhələnin başlanğıcıdır.
“Avroliqa Superkubokunun yaradılması Avropa klub basketbolu tarixində yeni və maraqlı səhifə açır. Bu turnirin ilk yarışını keçirmək üçün Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti ilə əməkdaşlıq etməkdən və yeni mövsümə start vermək üçün güclü klubları bir araya gətirməkdən məmnunuq”, – deyə Bodiroqa bildirib.
Namiq HUN