"Apple"da 200-dən çox işçi ixtisar edildi
"Apple"şirkətində "Vision Pro", "Siri" və proqram təminatı üzrə çalışan komandalar da daxil olmaqla bir neçə bölmədə 200-dən çox işçi ixtisar edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, "Vision Pro" bölməsində təxminən 100 əməkdaş işdən çıxarılıb. İxtisarlardan qulaqlıq oyunları üzərində çalışan komandanın böyük hissəsi və immersiv video istehsalı ilə məşğul olan əməkdaşlar da təsirlənib.
Bununla belə, "Apple"ın "Vision Pro" və "visionOS"dan imtina etmək planı yoxdur. Şirkət gələcəkdə immersiv videoların istehsalını azaltmağı və bu məzmunun hazırlanmasına üçüncü tərəf tərtibatçıları cəlb etməyi planlaşdırır.
Şirkətin yaxın perspektivdə immersiv video və qabaqcıl oyunları dəstəkləməyən ağıllı eynəklərə fokuslanacağı bildirilir. Eyni zamanda, yeni Vision Pro modelinin 2028-ci ilin sonundan tez təqdim edilməyəcəyi gözlənilir.
Siri və proqram təminatı komandalarında da təxminən 100 işçinin ixtisar edildiyi qeyd olunur.
"Apple" bildirib ki, dəyişikliklər şirkətin inkişafını sürətləndirmək və istifadəçilərə daha keyfiyyətli məhsullar təqdim etmək məqsədi daşıyır. Şirkət həmçinin yeni iş yerlərinin yaradılacağını və ixtisara düşən əməkdaşlara digər vəzifələrə keçmək imkanının veriləcəyini açıqlayıb.
Türkan İsgəndərli