Maradonanın tarix yazdığı top milyonlarla dollara alıcı tapdı
1986-cı il dünya çempionatının 1/4 finalında Argentina ilə İngiltərə arasında keçirilən və Dieqo Maradonanın məşhur “Tanrının əli” qolunu vurduğu matçın topu hərracda 3,35 milyon dollara satılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.
Heritage Auctions hərracında satışa çıxarılan lotun ilkin qiyməti 2,5 milyon dollar olub. Məhz həmin topla Maradona matçın hesabını əllə vurduğu mübahisəli qolla açıb. Dörd dəqiqə sonra isə argentinalı hücumçu fərdi keçid nəticəsində daha bir möhtəşəm qol vurub.
Lotun əvvəlcədən müəyyənləşdirilən qiyməti 10 milyon dollara qədər olsa da, yekun satış məbləği bu rəqəmdən xeyli aşağı olub. Bununla belə, top Maradonanın həmin oyunda geyindiyi formanın 2022-ci ildə 9,3 milyon dollara satılması ilə müəyyənləşən rekordu yeniləyə bilməyib.
Qeyd edək ki, top 2022-ci ildə də hərraca çıxarılıb və 2,37 milyon dollara satılıb. 2023-cü ildə isə 2,04 milyon dollarlıq təklif rezerv qiymətinə çatmadığı üçün satış baş tutmayıb.
Namiq HUN