Qavinin ağır zədə aldığı xəbərləri təsdiqlənmədi
“Barselona” yarımmüdafiəçi Qavinin zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.
İspaniyalı futbolçu La Liqanın 2-ci turunda “Elçe” ilə keçirilən və “Barselona”nın 5:0 hesablı qələbəsi ilə başa çatan oyunda zədələnib. İlkin olaraq mediada Qavinin dizinin çarpaz bağlarında yırtıq şübhəsinin olduğu barədə məlumatlar yayılmışdı.
Lakin Kataloniya təmsilçisi aparılan tibbi müayinələrin nəticələrini açıqlayıb. Məlum olub ki, futbolçunun zədəsi ciddi deyil və onun sağ dizində yalnız əzilmə aşkarlanıb.
“Əsas komandanın futbolçusu Qavi matç zamanı sağ dizindən zərbə alıb. Aparılan tibbi müayinələr göstərib ki, bu, sadəcə əzilmədir. Onun yaxın zamanda məşqlərə qayıtması gözlənilir”, – klubun mətbuat xidməti bildirib.
Namiq HUN