Norris qələbənin sirrini açıqladı: “Antonellini səhvə məcbur etdik”
“McLaren” pilotu və “Formula-1” üzrə dünya çempionu Lando Norris Niderland Qran-prisindəki qələbəsini dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.
Norris bildirib ki, sprint yarışındakı zəif nəticədən sonra komanda ilə birlikdə avtomobilin göstəricilərini yaxşılaşdırmaq üçün ciddi iş aparıb. Onun sözlərinə görə, sərt təkərlərə keçiddən sonra bolidin davranışı əhəmiyyətli dərəcədə yaxşılaşıb və qələbəyə inam yaranıb.
“Bu qələbəni yüksək qiymətləndirirəm. Çünki bir çox cəhətdən çox çətin mübarizənin nəticəsi oldu. Həlledici yarış günləri arasında emosional baxımdan böyük fərq yaşandı. Sprintdə mübarizə aparmaqda çətinlik çəkdiyimizi görmək məni məyus etmişdi.
Axşam mühəndislərimlə çox işlədim. Nəyi daha yaxşı edə biləcəyimizi, necə daha çox hücum edə və təkərləri daha yaxşı qoruya biləcəyimizi anlamağa çalışdıq. Buna nail olduğuma inanıram.
Sərt təkərlərə keçdikdən sonra yanaşmamızı bir qədər aqressivləşdirdik və vəziyyəti dəyişdik. Boliddən istədiyim hissi əldə etdim. Beləliklə, yarışa qalib gəlməyəcəyimi düşündüyüm andan “ən azı Antonellini səhvə məcbur edə bilərik” fikrinə keçdim.
Mən onun arxasında olanda Antonelli daha çox səhvlər etməyə başladı. Biz “Mercedes”i strategiyada müəyyən dəyişiklik etməyə məcbur etdik. Bu da bizə hücum etmək və fərqi artırmaq imkanı verdi”, – deyə Norris bildirib.
Qeyd edək ki, Niderland Qran-prisində Norris finiş xəttini birinci keçib. “Mercedes” pilotları Andrea Kimi Antonelli və Corc Rassell müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Namiq HUN