Sanksiya qorxusu Moskvaya yanacaq axınını kəsdi: Qazaxıstan zavodları imtina etdi
Qazaxıstanın iri neft emalı zavodları (NEZ) respublikanın Energetika Nazirliyi tərəfindən iyul ayı üçün Rusiyaya benzin tədarükünə ayrılmış kvotalardan istifadə etməyib.
TodayPress TV “Reuters”ə istinadən xəbər verir ki, bu barədə sahə üzrə dörd mənbə məlumat verib.
İyul ayında Pavlodar və Atırau NEZ-ləri Rusiyaya hər biri 17,5 min ton AI-92 markalı benzin tədarük edə bilərdi. Lakin zavodlar kvotadan istifadə etməmək qərarına gəliblər.
Agentliyin həmsöhbətləri bunun səbəbləri kimi Avropa İttifaqının sanksiyalarına məruz qalmaq riskini və Rusiya bankları vasitəsilə ödənişlərlə bağlı çətinlikləri göstəriblər. Bundan əlavə, nəşrdə qeyd olunur ki, Qazaxıstanın özünün də yanacağa ehtiyacı var.
Nəticədə Rusiyaya avtomobil yanacağı ixrac etməyə qərar verən yeganə zavod illik 850 min ton emal gücünə malik kiçik “Kondensat” NEZ-i olub. Bu göstərici əvvəlki iki müəssisənin gücündən altı dəfə azdır. Zavod iyul ayında qonşu ölkəyə 9 min ton benzin göndərib.
Qiymət Mahir