Əlcəzairdə meşə yanğınları 12 nəfərin həyatına son qoydu
Əlcəzairin şimal-şərqində baş verən güclü meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib, onlarla insan xəsarət alıb.
TodayPress TV xəbər verir ki, yanğınlar yaşayış məntəqələrinə qədər çatıb. Bejaya və Cicel başda olmaqla bir neçə vilayətdə sakinlər təhlükəsiz ərazilərə təxliyə edilib.
Əlcəzair Daxili İşlər Nazirliyinin məlumatına görə, Ciceldə 5, Bejayada 4, Tizi-Uzuda isə 3 nəfər ölüb. Ölənlər arasında 8 yaşlı uşağın və 22 yaşlı qadının da olduğu bildirilir.
Mülki Müdafiə Xidməti yerli vaxtla saat 20:00-a olan məlumata görə, ölkə üzrə 69 yanğının hələ də davam etdiyini açıqlayıb. Onlardan 18-i Bejaya, 7-si isə Cicel vilayətindədir.
Güclü külək yanğınların daha da yayılmasına səbəb olur. Yanğınlarla mübarizə üçün çoxsaylı xilasedici və texnika cəlb edilib.
Yanğınlar səbəbindən Bejaya, Cicel və Setif yaxınlığından keçən üç mühüm avtomobil yolu da bağlanıb.
Türkan İsgəndərli
TodayPress TV