Hantavirus ölkələri qarışdırdı — 42 gün sonra...
ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) iyunun 24-də hantavirusla bağlı həyata keçirilən cavab tədbirlərini rəsmi olaraq dayandıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" CDC-nin direktor vəzifəsini icra edən Cey Bhattacaryaya istinadən məlumat yayıb.
Bildirilir ki, qərar MV Hondius kruiz gəmisinin ABŞ-dən olan bütün sərnişinlərinin Nebraska Universiteti Tibb Mərkəzində yerləşən Regional Yeni Xüsusilə Təhlükəli Patogenlərin Müalicə Mərkəzində 42 günlük karantin müddətini başa vurmasından sonra qəbul edilib. Səhiyyə rəsmilərinin məlumatına görə, karantində olan şəxslərin heç birində hantavirus aşkarlanmayıb.
Qeyd edək ki, MV Hondius gəmisi aprelin 1-də Argentinanın Uşuaya şəhərindən Kanar adalarına yola düşüb. Səfər zamanı gəmidə səkkiz nəfərdə hantavirus təsdiqlənib, onlardan üçü həyatını itirib. Gəmidə əsasən ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olmaqla, təxminən 150 nəfər olub.
Hantaviruslar əsasən kiçik məməlilərdə rast gəlinən viruslar ailəsinə daxildir. Virus insanlara da keçə bilər və ağır hallarda ağciyərlərin zədələnməsi, ürək çatışmazlığı, eləcə də hemorragik qızdırmaya səbəb ola bilər.
Qiymət Mahir