Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır
Qəhvənin tərkibindəki bioloji aktiv maddələr əzələ sağlamlığını qorumağa kömək edə bilər.
TodayPress TV xəbər verir ki, ispaniyalı alimlər 54 tədqiqatın təhlili nəticəsində qəhvənin tərkibindəki bioloji aktiv maddələrin skelet əzələlərinin sağlamlığını qorumağa və yaşla əlaqədar əzələ kütləsi və gücünün itirilməsi riskini azaltmağa kömək edə biləcəyi qənaətinə gəliblər.
Araşdırmanın icmalı Food & Function jurnalında dərc olunub.
Tədqiqatçılar laboratoriya təcrübələrinin, heyvanlar üzərində aparılan işlərin və insanların iştirakı ilə keçirilmiş araşdırmaların məlumatlarını təhlil ediblər. Onlar xüsusilə qəhvənin tərkibində olan kofein, polifenollar, triqonellin və digər birləşmələrə diqqət yetiriblər.
Klinikayaqədərki təcrübələrin əksəriyyəti göstərib ki, bu maddələr enerji istehsalına cavabdeh olan hüceyrə strukturları – mitoxondrilərin fəaliyyətini yaxşılaşdıra bilər. Bundan əlavə, onlar iltihabı və oksidləşdirici stresi azalda, həmçinin əzələ toxumasında qlükoza və yağ mübadiləsinə təsir göstərə bilər. Bütün bu proseslər əzələlərin gücünün və dözümlülüyünün qorunması ilə əlaqəlidir.
İnsanların iştirakı ilə aparılan müşahidə xarakterli tədqiqatların nəticələri də qəhvə istehlakı ilə sarkopeniya – yaşla əlaqədar əzələ kütləsi və gücünün azalması – ehtimalının daha aşağı olması arasında mümkün əlaqəyə işarə edir. Qəhvə sevənlərdə yaşlılıqla bağlı zəiflik sindromuna da daha az rast gəlinib.
Bununla belə, müəlliflər vurğulayırlar ki, qəhvəni hələlik yaşla əlaqədar əzələ itkisinin qarşısının alınması üçün sübut edilmiş vasitə hesab etmək olmaz. İcmal potensial faydalı mexanizmləri və statistik əlaqələri göstərir, lakin qəhvənin insanlarda birbaşa əzələ kütləsini artırdığını və ya fiziki funksiyanı yaxşılaşdırdığını təsdiqləyən inandırıcı sübutlar hələ kifayət deyil.
Bundan əvvəl Rusiyada təhlükəli akrilamid və kofein olmadan qəhvə əldə etməyin üsulu tapılıb.
Qiymət Mahir