İran ABŞ-nin sanksiyalarını “iqtisadi terrorizm” adlandırdı: “Cəzalandırılacaqlar!”
"ABŞ tərəfindən İrana qarşı sanksiyaların gücləndirilməsinin elan edilməsi iqtisadi terrorizmdir və buna aidiyyəti olanlar mütləq layiq olduqları cəzanı alacaqlar".
TodayPress TV xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında deyilir.
Qurumdan qeyd olunub ki, ABŞ-nin İrana qarşı sanksiya siyasəti iqtisadi terrorizm və insanlıq əleyhinə cinayətdir. Həmçinin əlavə edilib ki, ABŞ administrasiyası, sanksiya planlarını hazırlayanlar və onları həyata keçirənlər müvafiq cəzaya məruz qalmalıdır.
İran XİN-in iddiasına görə, Vaşinqtonun Tehranla bağlı yeni məhdudiyyətlər tətbiq etməsi “uğursuzluğa düçar olmuş ABŞ siyasətinin davamıdır" və onun təkrarlanması yalnız yeni uğursuzluğa gətirib çıxaracaq.
Nazirlik əlavə edib ki, ABŞ administrasiyasının qeyd olunan addımları Amerikanın İslam Respublikasına qarşı apardığı müharibədə məqsədlərinə nail ola bilməməsini əks etdirir, həmçinin Vaşinqtonun qanunsuzluğunu və təkəbbürünü sübut edir.
Aysel Mətləb