Türkiyədən İrəvanı qəzəbləndirəcək QƏRAR: Ermənistan vətəndaşı olan uşaqlar erməni məktəblərinə buraxılmayacaq

Türkiyədən İrəvanı qəzəbləndirəcək QƏRAR: Ermənistan vətəndaşı olan uşaqlar erməni məktəblərinə buraxılmayacaq
24.08.2026 15:41 Dünya

Türkiyənin Təhsil Nazirliyinin yeni qərarına əsasən, ölkədə yaşayan Ermənistan vətəndaşı olan uşaqlar artıq erməni məktəblərində təhsil ala bilməyəcəklər.

TodayPress TV “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə İstanbulda nəşr olunan ermənidilli “Jamanak” qəzetinin baş redaktoru Ara Qoçunyan bildirib.

Onun sözlərinə görə, təxminən 10 il ərzində Türkiyədə işləmək və ya yaşamaq hüququ olan valideynlərin Ermənistandan olan uşaqlarına İstanbulun erməni məktəblərində “qonaq-şagird” statusunda təhsil almağa icazə verilib. Bu uşaqlar Türkiyə erməniləri ilə birlikdə bütün dərslərdə iştirak edib, imtahan veriblər, lakin rəsmi attestat almayıblar. Bunun əvəzinə onlara yekun qiymətləri göstərən sənəd verilib.

Lakin Türkiyə Təhsil Nazirliyinin müfəttişləri bir neçə gün əvvəl erməni məktəblərinə bildiriblər ki, Ermənistan vətəndaşı olan uşaqlar artıq həmin məktəblərdə təhsillərini davam etdirə bilməyəcəklər. Yeni qərara əsasən, onlar Türkiyənin dövlət məktəblərində təhsil almalı olacaqlar.

Qoçunyanın sözlərinə görə, nazirliyin yeni qərarı yalnız erməni məktəblərinə və Ermənistandan olan uşaqlara şamil edilmir.

“Nazirliyin digər milli azlıqların məktəbləri ilə bağlı da müəyyən iradları var idi və bu iradlar əsasında müdaxilənin zəruri olduğunu hesab edib. Bunun nəticəsində Ermənistandan köçən və məktəblərimizdə “qonaq-şagird” statusunda təhsil alan ailələrin uşaqları bu imkanından məhrum olurlar”, – deyə Qoçunyan bildirib.

Qeyd edək ki, İstanbulun erməni təhsil müəssisələrində 3 minə qədər uşaq təhsil alır. Onların təxminən 70-i Ermənistan vətəndaşıdır və bu günə qədər “qonaq-şagird” statusunda təhsil alıblar.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər