Kompani iddialı danışdı: “Heç bir titul qazanmamışam!”
“Bavariya”nın baş məşqçisi Vensan Kompani Bundesliqanın yeni mövsümünün startı ərəfəsində fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssis ilk turda “Ştutqart”la keçiriləcək qarşılaşmadan əvvəl komandasının qarşıdakı mövsümə yanaşmasından danışıb.
“Mən həmişə inanıram ki, sonda uğur qazanacağıq. Amma heç vaxt buna əmin olmaq olmaz. Bu da insana əlavə enerji verir. Hər şeyə yenidən başlamalısan. Mənim anlayışımda heç bir titul qazanmamışam və yenidən özümü sübut etməliyəm. Bu, mənə böyük enerji verir.
“Ştutqart”la oyun çətin olacaq. Yeni mövsümdür və yeni imkanlar var. Məhz bu, mövsümöncəsi hazırlıqdan sonra bizə üstünlük verir. Yeni mövsümün başlamasını səbirsizliklə gözləyirəm.
“Ştutqart”la oyun müəyyən mənada Premyer Liqa matçına bənzəyir – çox gərgin keçir. Onlar daim təzyiq göstərir və topla oynayarkən yaradıcı həllər tapmağa çalışırlar. Ötən mövsüm Bundesliqanın ən məhsuldar ikinci hücum xəttinə sahib idilər. Mövsümə başlamaq üçün pis rəqib deyil. Onlar oyun üslublarına və strategiyalarına tam sadiqdirlər”, – deyə Kompani “Bavariya”nın mətbuat xidmətinə açıqlamasında bildirib.
“Bavariya” – “Ştutqart” qarşılaşması avqustun 28-də, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Namiq HUN