Bakıda triatlon həyəcanı: 62 ölkədən 1500 idmançı gəlir! - VİDEO
Bakı, sentyabrın 5-də ilk dəfə beynəlxalq “ALUFAR IRONMAN 70.3 BAKU” triatlon yarışını keçirəcək.
TodayPress TV xəbər verir ki, Azərbaycan idman tarixində ilk dəfə keçiriləcək “IRONMAN 70.3” yarışında 62 ölkədən ümumilikdə 1500 iştirakçının mübarizə aparacağı gözlənilir.
Yarış üç mərhələdən – üzgüçülük, velosiped və qaçışdan ibarət olacaq.
İştirakçılar əvvəlcə Xəzər dənizində 1,9 kilometr məsafəyə üzəcəklər. Ardınca uzunluğu 90,1 kilometr olan velosiped mərhələsində Bakının müxtəlif ərazilərindən keçəcəklər. Yarışın son mərhələsi 21,1 kilometrlik qaçış olacaq. Bu hissə Bakı Bulvarı boyunca təşkil ediləcək və iştirakçılar “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında finiş xəttini keçəcəklər.
Kişi və qadın kateqoriyalarında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” üzrə dünya çempionatına vəsiqə qazanacaqlar.
“IRONMAN” həftəsi çərçivəsində sentyabrın 4-də müxtəlif yaş qrupları üçün “IRONKIDS” və “Fun Run” qaçışları da təşkil olunacaq. “IRONKIDS” yarışında 5-8 yaşlı uşaqlar 500 metr, 9-13 yaşlı iştirakçılar 1 kilometr, 14-17 yaşlılar isə 2 kilometr məsafəni qət edəcəklər. 5 kilometrlik “Fun Run” qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə biləcəklər.
Qeyd edək ki, “IRONMAN” dünyanın ən tanınmış beynəlxalq triatlon seriyalarından biridir. İlk “IRONMAN” yarışı 1978-ci ildə Havay adalarında keçirilib.
Namiq HUN