Dünyanın ən dərin gölündə güclü zəlzələ baş verdi
Rusiyanın Buryatiya Respublikasında yerləşən Baykal gölündə 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:18-də baş verib. Zəlzələnin episentri Maksimixa kəndindən 17 kilometr aralıda yerləşib.
Təkanlar ən güclü şəkildə Maksimixa kəndində hiss olunub və burada zəlzələnin intensivliyi 5 bal təşkil edib. Ust-Barquzin kəndində isə təkanların gücü 4 bal olub.
Zəlzələ Qremyaçinsk, Turka və Qoryaçinsk daxil olmaqla bir sıra yaşayış məntəqələrində də hiss edilib. Buryatiya və İrkutsk vilayətinin digər ərazilərində yaşayanların da yeraltı təkanları hiss etdiyi bildirilir.
Baykal gölü seysmik aktivliyin yüksək olduğu Baykal Rift Zonasının mərkəzində yerləşir. Mütəxəssislər bu ərazidə tektonik plitələrin hərəkəti səbəbindən zəlzələlərin mütəmadi baş verdiyini bildirirlər.
Türkan İsgəndərli