Almaniyada 15 ayın acı mənzərəsi: Qanunsuz girişə cəhd edən minlərlə Ukrayna vətəndaşı saxlanılıb
Almaniyada 15 ay ərzində 7,5 mindən çox Ukrayna vətəndaşı qanunsuz giriş cəhdinə görə saxlanılıb.
TodayPress TV "Bild"ə istinadən xəbər verir ki, 2025-ci ilin mayından 2026-cı ilin avqustuna qədər minlərlə Ukrayna vətəndaşı Almaniyanın quru sərhədini qanunsuz keçməyə cəhd edib.
Nəşrin Almaniya Federal Polisinin məlumatlarına istinadən yazdığına görə, hüquq-mühafizə orqanları bu müddət ərzində 70 mindən çox belə halın qarşısını alıb. Almaniyanın quru sərhədlərində ümumilikdə 57 973 qanunsuz giriş və ya giriş cəhdi qeydə alınıb.
"Bild" dəqiqləşdirir ki, saxlanılanlar arasında ən çox Ukrayna vətəndaşları olub – 7515 nəfər. Sonrakı yerləri Əfqanıstan vətəndaşları – 4842 nəfər və Türkiyə vətəndaşları – 4834 nəfər tutub.
Ümumilikdə, hava limanları da nəzərə alınmaqla, Almaniya hakimiyyəti 2025-ci ilin mayından etibarən ölkəyə 70 mindən çox qanunsuz girişin qarşısını alıb.
Ukraynanın sosial siyasət naziri Denis Ulyutin daha əvvəl bildirib ki, 2022-ci ildən sonra ölkəni 5,8 milyondan çox insan tərk edib və onların bir çoxu “təhlükəsizlik vəziyyətinə” görə hələ də geri qayıtmayıb.
2026-cı ilin yanvarında Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib ki, 2025-ci ildə təxminən 1,4 min ukraynalı Belarusla sərhədi qanunsuz keçməyə cəhd edib.
Qiymət Mahir