Amerika silahlı İŞİD-lə qarşılaşmaqdansa, Şaraanın əlini sıxmağa razıdır
ABŞ Prezidenti Donald Tramp 8 iyulda Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək.
Maraqlıdır, İran-ABŞ savaşı sonrası Tramp Şaraa ilə nə danışa bilər?
Məsələ ilə bağlı TodayPress TV-də danışan politoloq Çingiz Şahbazi bildirib ki, görüşün rəsmi gündəliyi açıqlanmasa da, İran–İsrail müharibəsindən sonra Suriyanın təhlükəsizliyi, İsrailin təhlükəsizliyi, ABŞ–Suriya münasibətlərinin normallaşdırılması, Türkiyənin vasitəçilik rolu və digər məsələlərin müzakirə olunacağı ehtimallar arasında yer alır:

“Əslində, bu görüş simvolik olmaqdan daha çox məna kəsb edir. Onu İran müharibəsindən sonra Yaxın Şərqdə formalaşan yeni geosiyasi nizam şəraitində Suriyanın hansı istiqamətə yönələcəyini müəyyənləşdirəcək ilk yüksək səviyyəli təmaslardan biri kimi qiymətləndirmək olar. Eyni zamanda Tramp NATO müttəfiqləri ilə yanaşı, regionun əsas oyunçuları ilə də regional təhlükəsizlik arxitekturasını müzakirə etmək niyyətindədir. Bu da öz növbəsində regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir.
İranın regiondakı hərbi-siyasi mövqelərinin zəifləməsi fonunda Suriyada yaranan yeni təhlükəsizlik balansı əsas müzakirə mövzularından biri hesab olunur. Bu baxımdan Vaşinqton hesab edir ki, Suriyanın yenidən İranın dəstəklədiyi silahlı qrupların təsir zonasına çevrilməsinin qarşısı alınmalıdır. Məhz bu səbəbdən Ankara görüşünün əhəmiyyətini xüsusi vurğulamaq lazımdır”.
Ekspert Tramp administrasiyasının Suriya ilə məhdud əməkdaşlıq imkanlarını da nəzərdən keçirmək istədiyini düşünür:
“Buraya terrorla mübarizə, diplomatik kanalların genişləndirilməsi, eləcə də sanksiyaların qüvvədə saxlanılıb-saxlanılmayacağı məsələləri daxildir. Əlbəttə, bunun müqabilində ABŞ Suriyadan islahatlar həyata keçirməyi və təhlükəsizlik sahəsində konkret addımlar atmağı tələb edə bilər.
ABŞ üçün prioritet məsələlərdən biri də İsrailin təhlükəsizliyidir. Söhbət Suriya ərazisindən İsrailə yönələn təhlükələrin qarşısının alınmasından gedir. Bu baxımdan Trampın Şarasdan bu istiqamətdə müəyyən tələblərinin olması mümkündür. İrana bağlı silahlı qrupların sərhəd bölgələrində fəaliyyətinin məhdudlaşdırılması tələbi də müzakirə mövzularından biri ola bilər”.
Çingiz Şahbazi diqqətə çatdırıb ki, görüşün Ankarada keçirilməsi də təsadüfi sayıla bilməz. Rəcəb Tayyib Ərdoğanın Əhməd Şaraa ilə Donald Tramp arasında dialoqun qurulmasında mühüm vasitəçilik missiyası var. Bu isə Türkiyənin son illərdə artan regional diplomatik çəkisindən irəli gəlir:
“Bütün bunlar deməyə əsas verir ki, Ankarada gözlənilən Tramp–Şaraa görüşü əhəmiyyəti və mümkün nəticələri baxımından olduqca mühüm hadisədir. Hesab edirəm ki, bu görüş ABŞ-nin Yaxın Şərq siyasətinin yeni mərhələsinə uyğun şəkildə həyata keçirilir”.
Qiymət Mahir