Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu vəzifəsindən ayrıldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Elnur Hidayətoğlu bildirib ki, bu gündən etibarən öz təşəbbüsü ilə TƏBİB-dəki fəaliyyətini başa vurub:
"5 ildən artıqdır ki, tibb sahəsində PR rəhbəri kimi çalışırdım. 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərirdim. Ölkənin ən böyük dövlət xəstəxanalarının birində işləməklə xəstəxana sistemini, BBSM-də işləməklə poliklinika, yəni ilkin səhiyyə xidmətini yaxından öyrəndim. TƏBİB aparatında işləmək isə mənə səhiyyənin idarə olunması sahəsində təcrübə qazandırdı"
O, fəaliyyəti dövründə media ilə əməkdaşlığa xüsusi önəm verdiyini, çoxsaylı PR layihələrinin həyata keçirildiyini və jurnalistlərlə qarşılıqlı hörmətə əsaslanan münasibət qurmağa çalışdığını vurğulayıb:
"Bu işin ən önəmli tərəfi, sözsüz ki, media ilə münasibətlərdir. Bu baxımdan inanmaq istərdim ki, media nümayəndələri də məndən razı qaldılar. Çünki heç vaxt özümü onlardan fərqli hesab etmədim, münasibətim heç bir vəzifədə, heç bir mərhələdə dəyişmədi. Açığı, qarşılığında onlar da mənə hər zaman hörmətlə yanaşdılar, əməkdaşlığımıza dəyər verdilər. Bəzən elə məqamlar oldu ki, güzəşt etdilər, səbirsiz davranmadılar, müəyyən məqamları anlayışla qarşıladılar. Buna görə hər birinə təşəkkür edirəm! İnsana qalan elə budur: yaxşı münasibət, qarşılıqlı hörmət, xoş sözlər!"
Qiymət Mahir