Alonsodan iddialı açıqlama: “Hər şeyi oyunumuzla göstərməliyik!”
“Çelsi”nin baş məşqçisi Xabi Alonso azarkeşləri onun açıqlamalarına deyil, komandanın meydandakı çıxışına və nəticələrinə diqqət yetirməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Men in Blazers” məlumat yayıb.
İspaniyalı mütəxəssis bildirib ki, azarkeşlərə nələr gözləməli olduqlarını danışmaq əvəzinə, bunları meydanda göstərmək və nəticə qazanmaq lazımdır.
“Azarkeşlərə nələr gözləməli olduqlarını demək istəmirəm. Bunu meydanda göstərmək və nəticə əldə etmək lazımdır. Sözlərin heç bir dəyəri yoxdur. Mən deyə bilərəm ki, “100 qol gözləyin”, amma əsas məsələ hər şeyi öz oyununla təsdiqləməkdir”, – deyə Alonso bildirib.
Qeyd edək ki, Xabi Alonso iyulun 1-də rəsmi olaraq “Çelsi”nin baş məşqçisi təyin olunub. O, 2026-cı ildə London təmsilçisinin üçüncü baş məşqçisi olub.
2025/26 mövsümünün ilk yarısında komandaya italiyalı Enzo Mareska rəhbərlik edib. Onun ayrılmasından sonra bu vəzifəni Liam Rosenior və Kalum Makfarleyn yerinə yetirib.
Xabi Alonso isə ötən mövsümə Madrid “Real”ının baş məşqçisi kimi başlayıb və 2026-cı ilin yanvarında “kral klubu”ndan ayrılıb.
Namiq HUN