“Denver”də şok ayrılıq ehtimalı: Yokiç “Leykers”ə keçə bilər!
NBA-in “Los-Anceles Leykers” klubu “Denver Naqqets”in lideri və mərkəz oyunçusu Nikola Yokiçi heyətinə qatmaq üçün ciddi şəkildə hərəkətə keçməyi planlaşdırır.
TodayPress TV klub insayderi Entoni İrvinə istinadən xəbər verir ki, “Leykers” bu istiqamətdə klubun sahibliyi ilə bağlı məsələlər həll edildikdən sonra Yokiçlə müqavilə imzalamaq cəhdinə fokuslanacaq.
“Lake Show Life” nəşrinin jurnalisti Tayler Uotts isə serbiyalı basketbolçunun “Denver”dən ayrılmaq ehtimalının artdığını düşünür. Onun sözlərinə görə, Yokiç bütün karyerasını “Naqqets”də keçirmək istəyir. Lakin NBA-də vəziyyət sürətlə dəyişə bilər və “Denver” növbəti mövsümü də uğursuz keçirsə, basketbolçu gələn yay başqa komandaya keçməyi nəzərdən keçirə bilər.
Belə bir ssenaridə Yokiçin “Leykers”ə keçidi üçün “sign-and-trade” mexanizmindən istifadə etmək lazım gələcək. Uottsun fikrincə, Los-Anceles təmsilçisi belə variantı müsbət qarşılayacaq.
Qeyd edək ki, Yokiç 2027-ci ilin yayına qədər gözləyərək 2027/28-ci illər mövsümü üçün 62,8 milyon dollarlıq oyunçu opsiyasından imtina etsə, beşillik, 359,5 milyon dollarlıq supermaksimal müqaviləyə iddia edə bilər. Bu, NBA tarixinin ən böyük müqaviləsi olacaq və basketbolçunun karyerası ərzində ümumi qazancını 724 milyon dollara çatdıracaq.
Hazırda Yokiç dörd il üçün 278 milyon dollarlıq yeni müqavilə imzalaya bilər. Lakin iki variant arasındakı fərqin 80 milyon dollardan çox olması səbəbindən basketbolçunun müqavilənin uzadılması ilə bağlı danışıqları hələlik təxirə saldığı bildirilir.
Namiq HUN