Fərizənin İlhama sevgisi gəncliyin ən böyük gününə çevrildi — İmperiya məhəbbətə atdığı güllənin qurbanı oldu

Fərizənin İlhama sevgisi gəncliyin ən böyük gününə çevrildi —  İmperiya məhəbbətə atdığı güllənin qurbanı oldu
30.06.2026 14:55 Təhlil

30 iyun Azərbaycan təqvimində Milli Sevgililər Günü kimi qeyd edilir.

Çünki bu gün sevgiləri vəfadan keçib vətənlə bütövləşən İlham və Fərizənin toy günüdür. 1990-cı ilin qanlı yanvar gecəsindən bu yana düz 36 il keçsə də, onların hekayəsi zamanın içində köhnəlmir. 

Hər şey 1989-cu ilin yayında, Bakının qaynar günlərindən birində başlayır. Əslində, İlham Allahverdiyev 1962-ci ildə Ağdamda doğulmuşdu, uşaqlığının bir qismi də orada, nənəsinin yanında keçmişdi. Sonradan Bakıya gəlir, buradakı 54 saylı orta məktəbdə oxuyur. Hərbi xidmətini bitirəndən sonra isə Gəmi Təmiri Zavodunda işə düzəlir. Tale elə gətirir ki, illər sonra həmin zavod elə İlhamın öz adını daşıyacaqdı. 

Fərizə isə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Hamamlı rayonunun Saral kəndindən köçüb Bakıya gəlmişdi. O da İlhamın oxuduğu 54 saylı məktəbdə oxuyurdu. Altı uşaqlı bir ailənin sonbeşiyi idi Fərizə. Çox zəhmətkeş, ağıllı və uzaqgörən qız idi, dərslərini əla oxuyurdu. Evin ən kiçiyi olmasına baxmayaraq, evdə hamının nazı ilə oynayır, bütün işləri o sahmana salırdı. Qardaşı Zakir xatırlayır ki, ataları olduqca zəhmli adam olub. Qardaşlar, bacılar atalarından bir şey istəməyə çəkinəndə həmişə araya Fərizəni salırlarmış. Çünki Fərizə ən çətin məsələni belə səssiz-sədasız, heç bir problem yaratmadan həll etməyi bacarırmış. Səhər tezdən durub hamının qayğısına qaçan, qardaşlarının paltarını ütüləyən, süfrəsini açan məhz o idi.

İlhamın evlənən vaxtı çatanda evdəkilər onun üçün çox qız adı çəkirlər, amma gənc oğlan heç birinə razı olmur. Axırda özündən soruşanda ki, "könlün kimdədir?", İlham bacısı ilə bir sinifdə oxuyan Fərizənin adını verir. Elçi gedirlər, nişan edilir və nəhayət, 1989-cu ilin 30 iyununda Bakıda təzəcə açılmış "Leyla" şadlıq evində gənclərin toyu olur.

Amma o dövr çox qarışıq bir dövr idi. Sovet İmperiyası can üstündə idi, Bakı küçələri mitinqlərlə, azadlıq sədaları ilə qaynayırdı. Hakimiyyəti əldə saxlamaq istəyənlər isə dinc xalqa qarşı silah işlətməkdən belə çəkinmək niyyətində deyildilər. İlham da bu mübarizənin düz mərkəzində idi. İşlədiyi zavodun fəhlələrini, gəncləri yığıb meydanlara aparır, hamını aktiv olmağa çağırırdı.

1990-cı ilin yanvarında İlhamla Fərizə artıq ailədən ayrı, öz evlərində yaşayırdılar. Yanvarın 19-da şəhərdə vəziyyətin kritik olduğunu görən İlham həyat yoldaşının təhlükəsizliyindən narahat olub onu anasınagilə gətirir. Fərizəni sığınacaq olacaq bir yerə yerləşdirdikdən sonra, özü əyninə qara fəhlə paltarı geyinir. Evdən çıxanda qardaşı Elxan onun bu geyimini görüb təəccüblənir, hara getdiyini soruşur. İlham isə sadəcə tonqalın qırağına çıxacağını deyir. Çünki o vaxtlar insanlar gecələr küçələrdə tonqal qalayıb keşik çəkirdilər. Əslində isə bu geyimin başqa səbəbi vardı; İlhamgil artıq bir qrup şəklində rus ordusuna müqavimət göstərməyə hazırlaşırdılar və hamısı qara paltar geyinməli idi.

İlham evdən çıxanda sanki geri dönməyəcəyini hiss etmişdi. Qardaşı oğlunu, atalarının adını daşıyan balaca Əjdəri qucağına alıb bağrına basır, son dəfə öpür. Qardaşı Elxanın qulağına isə bu sözləri pıçıldayır: "Dədə, gedirəm, ola bilər, bir də görüşmədik". Fərizənin ürəyinə isə xal xal düşmüşdü, bərk narahat idi. İlhamın anası Ofeliya xalaya yalvarırdı ki, "İlhamı qoymayın getsin". Amma İlham dostlarına söz verdiyini deyib qapıdan çıxır. Çox keçmir ki, şəhərdə işıqlar sönür və qorxunc güllə səsləri Bakını lərzəyə gətirir. Qonşuluqda işləyən polis nəfəri güllələrin səsinə baxıb bunun adi yox, döyüş güllələri olduğunu, rusların camaatı qıracağını deyir.

İlham həmin gecə indiki "20 Yanvar" dairəsində silahsız insanların güllələnməsinə dözməyib rus əsgərlərinin qarşısına çıxır, onlara etiraz edir və elə oradaca vurulur. Onunla bir yerdə sinif yoldaşı Fuad Babayev də telefon budkasının yanında şəhid olur. Dostu Faiq Qasımov deyir ki, onlar keçmiş "İskra" zavodunun yanında rus ordusunun qarşısını kəsmək istəyiblər, gülləbarandan sonra hərə bir tərəfə dağılışıb, İlham isə metro tərəfə qaçıb.

Gecə hamı narahat idi. Qardaşı Elxan şəhəri əliboş dolanıb kor-peşman evə qayıdır, hamı sobanın ətrafına yığışıb gözləyirdi. Hava işıqlaşanda Elxan anası ilə birgə yenidən yola çıxır. Şəhər sanki müharibədən çıxmışdı. "20 Yanvar" dairəsindən keçəndə yerdə böyük bir qan gölməçəsi görürlər. Ofeliya xala dayanıb qana baxır və daxili bir sızıltı ilə deyir: "Can-can, bu hansı anası ölmüşün qanıdır? Bu nə şirin, nə doğma qandır...". Onlar onda hələ bilmirdilər ki, o qan doğrudan da analarının ən doğma qanı, İlhamın qanı idi. Respublika xəstəxanasına tərəf gedəndə yerdə İlhamın şərfini tapırlar, pasportu da əllərində idi. Orada bir nəfər Elxana yaxınlaşıb pıçıldayır ki, "onu yaralıların içində axtarma".

Məlum olur ki, İlhamı xəstəxanaya gətirəndə artıq gec imiş. Ağır güllə yarası alan İlhamı əməliyyat edən həkim xatırlayır ki, işıqlar sönmüşdü, narkozu qaranlıqda vurmalı olmuşdular. İlhamın qarın boşluğu qanla dolu idi, qaraciyəri tamamilə parçalanmışdı. Həkimlər əllərindən gələni edib, hətta qan tapılmadığı üçün onun öz qanını süzüb yenidən bədəninə vursalar da, 5-6 saatdan sonra gənc oğlanın ürəyi dayanır. Tibb bacısı sonradan anasına deyəcəkdi ki, İlham son nəfəsində elə hey "anamı çağırın" deyərək pıçıldayırmış. Ofeliya xalanı ömrü boyu yandıran da o olur ki, bəlkə də balasının ona deyəcək son bir sözü qalıbmış.

Elxan anası pis olmasın deyə meyiti məscidə aparır, yuduzdurub evə elə gətirir. Çünki İlhamın bədəni tanınmaz halda idi, hər tərəfindən şlanqlar sallanırdı. Hətta morqda meyitlərin arasında axtararkən Elxan rus əsgərləri ilə qarşıdurmaya da girir, rus əsgərinin atdığı güllə onun alnını yalayıb keçir.

Bu dəhşətli xəbər Fərizəyə çatanda gənc qadının dünyası başına fırlanır. O, İlhamsız bir addım da ata bilməyəcəyini anlayır. İlk növbədə özünü yandırmaq istəyir, amma evdəkilər imkan vermir. Fərizə dərin depressiyaya düşür, ailəsi onu bircə an da gözdən qoymurdu, çünki hər an intihar edəcəyini bilirdilər. Lakin bütün qoruyucu tədbirlərə baxmayaraq, Fərizə İlhamın yoxluğuna, bu ağır dərdə tab gətirə bilmir. Sevgilisinin dəfnindən çox az keçmiş, onun arxasınca getmək üçün canına qəsd edir. Fərizə öz ölümü ilə İlhamına olan sədaqətini əbədiləşdirir.

İlham və Fərizə bu gün Şəhidlər Xiyabanında yan-yana uyuyurlar. Öz canları ilə bu torpağı suladılar və o qandan bu gün azad nəfəs aldığımız bütöv Azərbaycan göyərdi. 

Bayramınız mübarək...

Qiymət Mahir

XƏBƏR LENTİ
30 IYUN 2026
Xamenei atasının dəfnində iştirak edəcək? - RƏSMİ 15:49 “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir 15:44 Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları 15:42 Mehriban Əliyeva prosesləri qabaqladı - Azərbaycan bu ölkələrin aqibətini yaşamayacaq 15:36 Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI 15:25 Bu ölkə baş nazirlərin “başını yeyir” 14:50 Azərbaycanın şəhid verdiyi itkinlərin kimlikləri açıqlandı 15:08 Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda 14:57 Fərizənin İlhama sevgisi gəncliyin ən böyük gününə çevrildi — İmperiya məhəbbətə atdığı güllənin qurbanı oldu 14:52 Xocalıda əhalini güllələyərək Ermənistana rəhbər oldu — Azərbaycan onu axtarır — Qatil prezidentin dosyesi 14:47 Lyayen hər kəsi şoka salan rəqəmi açıqladı: Brüssel Kiyevə kosmik büdcə ayırdı 14:31 "Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir 14:28 Dünyada 18-ci, Avropada 5-ci - Azərbaycanın ən uzun tunelində SON İŞLƏR 14:24 Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik 14:18 Görkəmli cərrah Mirəsədulla Mirqasımovun tarix muzeyinə bağışlanmış əşyaları oğurlandı 14:07 Paşinyanın yası düşdü, təcili İrana yollanır 14:01 İran ən böyük yas mərasiminə hazırlaşır 14:05 Vəkillər üçün TƏHLÜKƏ SİQNALI – Süni intellekt məhkəmədə qalib gəldi 13:45 Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA 13:30 İran qarışdı: Terrorçular SEPAH üzvlərini hədəf aldı 13:29 Azərbaycan və Qazaxıstan bir-birinə dəstəyini ifadə etdi 13:27 Çin Rusiyanı "Kitayski" dövlətə çevirdi - Ultimatumlar dalbadal verildi 13:05 Azərbaycan bu radarlarla itkin düşən 4 min nəfəri axtarır 13:08 Bu müsəlman ölkələrində qondarma “erməni soyqırımı” abidələri var - FOTOLAR 13:01 Rusiyanın ən strateji nöqtəsi belə vuruldu - GÖRÜNTÜLƏR 13:00 Bütün Xəbərlər