Azərbaycanlı pilot bıçaqla Sovet təyyarəsini Çinə qaçırdı

Azərbaycanlı pilot bıçaqla Sovet təyyarəsini Çinə qaçırdı
30.06.2026 11:27 Təhlil

Moskva və Pekin arasında görünməz divarların ucaldığı bir vaxtda Sibir səmasında baş verən hadisə Kremli ayağa qaldırdı.

Sovet rejiminin təzyiqlərinə qarşı təkbaşına üsyan edən Şamil Əlimuradovun film ssenarisini xatırladan həyatı...

Professor Zaur Əliyev TodayPress TV-yə  SSRİ aviasiya tarixinin ən səs-küylü və uzun illər gizli qalmış hadisələrindən birinin pərdəarxası məqamlarını açıqlayıb.


"19 dekabr 1985-ci il. Moskva. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni seçilmiş baş katibi Mixail Qorbaçovun kabinetində telefon zəngi eşidilir. Zəng edən yüksək rütbəli məmur həyəcanla məruzə edir:

– Yoldaş baş katib, Sovet təyyarəsi oğurlanaraq Çin Xalq Respublikasına uçub. Yakutsk Mülki Aviasiya İdarəsinin 42845 qeydiyyat nömrəli An-24 təyyarəsi Yakutsk–Çita–İrkutsk marşrutu üzrə 101/435 reysini yerinə yetirirdi. Təyyarə Çitaya yaxınlaşarkən dispetçer gözlənilmədən kursun dəyişdirilməsi və cənuba doğru yönəlmə barədə şifrəli mesaj aldı. Dispetçer bu barədə dərhal Çita şəhər rəhbərliyinə məlumat verib. Tapşırığınız necə olacaq?"

Moskvada qərar dərhal verilir: təyyarənin və onu qaçıran şəxsin dərhal geri qaytarılması üçün Pekinlə – Çin rəhbərliyi ilə təcili əlaqə saxlanılmalıdır. Çox keçmir ki, DTK (KQB) təyyarəni qaçıran şəxsin kimliyini müəyyən edir. Bu şəxs təyyarənin ikinci pilotu, 1952-ci il təvəllüdlü azərbaycanlı Şamil Hacı oğlu Əlimuradov idi".

O, hadisənin necə baş verdiyinə açıqlıq gətirib:

"Təyyarə Çitaya yaxınlaşanda Şamil Əlimuradov qəfildən kabinəyə daxil olaraq qapını daxili qıfılla bağlayır. O, ev şəraitində düzəldilmiş bıçağı təyyarə kapitanının boğazına dirəyərək kursun dəyişdirilməsini və Çinə doğru uçmağı tələb edir. Kapitan soyuqqanlılığını qoruyaraq xüsusi gizli düymə vasitəsilə dispetçerə təyyarənin qaçırılması barədə siqnal ötürə bilir. Daha sonra kapitan təyyarəni aldadaraq Sovet hərbi aerodromuna tərəf yönəltmək istəsə də, peşəkar pilot olan Əlimuradov bu manevri dərhal anlayır və kapitanı ciddi şəkildə hədələyərək tələb olunan kursa sadiq qalmağı əmr edir.

Saat 14:30-da Çin ərazisində yerləşən kolxozlardan birinin sədr müavini Liu Quoyi öz torpaq sahəsinə qeyri-adi bir sərnişin təyyarəsinin endiyini görür. Vəziyyəti yoxlamaq üçün əraziyə beş nəfər göndərilir. Geri qayıdanlardan ikisi təyyarənin ruslara məxsus olduğunu desə də, tərəflər bir-birinin dilini bilmədikləri üçün anlaşa bilmirlər.

Kolxoz rəhbərliyi dərhal yerli şəhər şöbəsinə, oradan isə Harbin şəhərinə məlumat ötürür. Çin hüquq-mühafizə orqanları yalnız axşam saat 20:00 radələrində hadisə yerinə çata bilirlər. Gələnlərin arasında rus dilini mükəmməl bilən çinli məmur da var idi. O, təyyarə komandiri və Əlimuradovla danışıqlar aparır. Şamil Əlimuradov bıçağını təhvil verərək təslim olur və Çin dövlətindən siyasi sığınacaq istəyir. Onu xüsusi avtomobillə aparırlar, sərnişinlər isə şəhər mehmanxanasına yerləşdirilərək geyim, sığınacaq və isti yeməklə təmin olunurlar."

"Məni dəlixanaya salmışdılar..."

Professor Şamil Əlimuradovun Harbində Çin istintaqına verdiyi rəsmi izahatın mətnini də  təqdim edib:

"1969-cu ildə orta məktəbi bitirib Bakıdakı Politexnik İnstitutunun əyani şöbəsinə daxil oldum. Lakin iki həftədən sonra maddi sıxıntılar səbəbindən institutu tərk etməli oldum. Çünki böyük ailəmiz vardı və işləməli idim. Yarım il Bakı Fayans Zavodunda işlədim. 1970-ci ildə Sasovo Uçuş Məktəbinə daxil oldum. İlk vaxtlar rus dilini zəif bildiyim üçün çətinlik çəkirdim. Lakin üç aydan sonra bu problem aradan qalxdı. Fizika və riyaziyyatı yaxşı bilməyim mənə kömək etdi.

1972-ci ildə məktəbi bitirdim. 1977-ci ildə Kirovoqrad Ali Uçuş Məktəbində An-24 təyyarəsi üzrə yenidən hazırlıq keçdim. Leninqrad Mülki Aviasiya Akademiyasında 1980-ci ildə diplomumu müdafiə edərək Yakutska qayıtdım. Bir müddət işlədikdən sonra mənə qarşı rəhbərlik tərəfindən ciddi təzyiqlər başladı. Məni şərləyərək məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirdilər, sonra isə rəsmi xarakteristika verməkdən imtina etdilər. Çox əziyyət çəkdim və anladım ki, mənə burada çörək yoxdur. SSRİ-dən qaçmaq qərarına gəldim. "Düşmənimin düşməni dostumdur" prinsipini əsas götürərək, o dövrdə Moskva ilə münasibətləri çox gərgin olan Çinə qaçmağı seçdim."

Zaur Əliyev məhkəmə prosesinin pərdəarxası məqamlarından danışıb:

"4 mart 1986-cı ildə Harbində keçirilən məhkəmədə sovet diplomatları da iştirak edir. Çin məhkəməsi hava məkanını pozma və təyyarə qaçırma maddələri ilə ona 8 il həbs cəzası verir. Lakin cəzasının bir hissəsini çəkdikdən sonra o, Çində azadlığa buraxılır. Əlimuradov Çinin müxtəlif qəsəbələrində yaşayır, hətta yerli universitetlərin birində rus dili müəllimi kimi çalışır və çinli bir qızla ailə həyatı qurur.

Lakin sovet tərəfi onun arxasınca idi. Üç ildən sonra diplomatik razılaşmalara əsasən, o, SSRİ-yə ekstradisiya edilir. 21 iyun 1990-cı ildə Yakutskda sovet qanunları ilə yenidən mühakimə olunaraq bu dəfə daha 5 il müddətinə azadlıqdan məhrum edilir."

Bəs təyyarəyə və Şamilə nə oldu?

Zaur Əliyev sonda hadisənin qəhrəmanlarının taleyinə də aydınlıq gətirib:

"Qaçırılan An-24 təyyarəsi hələ 1986-cı ilin yanvarında Çin tərəfindən Sovet İttifaqına təhvil verilmişdi. Təmirdən sonra uzun illər uçuşlarını davam etdirən həmin təyyarə 2000-ci ildə Yakutsk hava limanında istismardan çıxarıldı və hazırda orada saxlanılır.

Şamil Əlimuradovun sonrakı taleyinə gəlincə, o, Rusiya həbsxanasından çıxdıqdan sonra öyrənir ki, Çində qalan ilk həyat yoldaşı dəhşətli avtomobil qəzasında dünyasını dəyişib. O, dərhal Çinə gedərək orada yaşayan qızını öz yanına gətirir. Hazırda Əlimuradov Rusiyada yaşayır, uğurlu sahibkardır və maraqlıdır ki, hakim "Vahid Rusiya" (Yedinaya Rossiya) partiyasının üzvüdür. Yenidən ailə qurub və hazırda azyaşlı bir oğul atasıdır".

Qeyd edək ki, bu Sovet aviasiya tarixində pilotların təyyarə qaçıraraq xaricə sığınması halında  tək hadisə deyildi. Şamil Əlimuradovun hadisəsindən bir neçə il əvvəl – 1976-cı ildə sovet hərbi pilotu Viktor Belenkonun ən məxfi qırıcı sayılan "MiQ-25" təyyarəsini Yaponiyaya qaçırması SSRİ-ni sarsıtmışdı. Lakin Əlimuradovdan fərqli olaraq, Qərbə və ya Yaponiyaya qaçan pilotlar dərhal siyasi sığınacaq alır və heç vaxt SSRİ-yə geri verilmirdilər. Azərbaycanlı pilotun şanssızlığı isə qaçış üçün Qərbi deyil, daxili qanunları və sovet rejimi ilə bənzər sistemə malik  Çini seçməsi olub.  

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Azərbaycanlı pilot bıçaqla Sovet təyyarəsini Çinə qaçırdı — 1
XƏBƏR LENTİ
30 IYUN 2026
Vəkillər üçün TƏHLÜKƏ SİQNALI – Süni intellekt məhkəmədə qalib gəldi 13:45 Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA 13:30 İran qarışdı: Terrorçular SEPAH üzvlərini hədəf aldı 13:29 Azərbaycan və Qazaxıstan bir-birinə dəstəyini ifadə etdi 13:27 Çin Rusiyanı "Kitayski" dövlətə çevirdi - Ultimatumlar dalbadal verildi 13:05 Azərbaycan bu radarlarla itkin düşən 4 min nəfəri axtarır 13:08 Bu müsəlman ölkələrində qondarma “erməni soyqırımı” abidələri var - FOTOLAR 13:01 Rusiyanın ən strateji nöqtəsi belə vuruldu - GÖRÜNTÜLƏR 13:00 Qurbağalar paytaxtı bürüdü - Qismətiniz "Çin" olsun 12:54 İyulun ilk gününə olan hava proqnozu açıqlandı 12:49 Hesablama Palatasına yeni səlahiyyətlər veriləcək? - RƏSMİ 12:40 "Gəncə" braziliyalı voleybolçu transfer etdi 12:36 Bakının bu iki ərazisində yollar bağlanacaq 12:29 NİİM sürücülərə müraciət etdi - Piyada keçidinə yaxınlaşanda diqqətli olun! - VİDEO 12:09 “Hibrid təhdidlərə qarşı əhalinin sayıqlığının artırılması” hansı vəziyyətdədir? 12:03 Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək 11:47 İraq ABŞ-yə görə İrana "müharibə" elan etdi - 30 sentyabra qədər... 11:49 Ermənistana 44 Azərbaycan vətəndaşı səfər edib - MTX 11:45 Zahid Oruc: Zəfərin ən böyük humanitar qələbəsi 30 illik əsir və itkinlik səhifəsinin bağlanmasıdır 11:41 "WhatsApp"da böyük yenilik: Telefon nömrəsini gizlədən funksiya gəlir 11:31 Azərbaycanlı pilot bıçaqla Sovet təyyarəsini Çinə qaçırdı 11:27 Rusiya yeni cəbhələr açır: Putin açıqladı 11:26 Xulio Ensiso Paraqvay millisinin tarixinə düşdü 11:17 Milli Məclisin iclası başladı: Bu məsələlər müzakirə olunacaq 11:08 Ukrayna Rusiyanın 12 rayonunu eyni anda vurdu: Bir gecədə 400-dən artıq dron... 11:04 Bütün Xəbərlər