Günəşdə aktivlik artır: Yer üçün təhlükə
Avqustun 25-i gecə yarısından etibarən Günəşdə aktivlik kəskin artıb. Alimlər bunun Yerə təsir göstərə biləcəyini bildirirlər.
TodayPress TV xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, Günəş diskinin mərkəzində yerləşən aktiv bölgə gözlənilmədən canlanıb.
Günün ilk saatlarından M1.7-dən M1.9-a qədər üç güclü M sinifli Günəş alovlanması qeydə alınıb. Bildirilir ki, avqust ayının əvvəlindən bu günə qədər cəmi dörd belə hadisə baş verib.
Hazırda Günəşdəki aktivliyin Yerə geomaqnit fırtınası şəklində təsiri qeydə alınmayıb. Bununla belə, mütəxəssislər son aylarda Yer üçün risklərin yüksək olaraq qaldığını vurğulayırlar.
Alimlər qeyd edirlər ki, güclü Günəş partlayışları plazma tullantıları ilə müşayiət oluna bilər. Bu plazma buludları Yerə çatarsa, geomaqnit fırtınasına səbəb ola bilər.
Günəş alovlanmaları gücünə görə A, B, C, M və X siniflərinə bölünür. M sinifli alovlanmalar güclü hadisələr hesab olunur, X isə ən yüksək kateqoriyadır.
Türkan İsgəndərli