Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
TodayPress TV xəbər verir ki, Rüfət Hacıəlibəyov 2022-ci ilin iyul ayından etibarən Səhiyyə Nazirliyində səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə nazir müşaviri kimi fəaliyyət göstərib.
Bu müddətdə o, ölkədə elektron səhiyyənin milli strategiyasının hazırlanması və icrasına rəhbərlik edib, eyni zamanda səhiyyə sisteminin rəqəmsal transformasiyası üzrə görülən işlərin koordinasiyasını həyata keçirib. Yeni vəzifəsində onun kurasiya edəcəyi əsas istiqamətlərə rəqəmsallaşdırma, innovasiyalar, strateji idarəetmə və tibbi statistika daxildir.
Rüfət Hacıəlibəyov informasiya texnologiyaları və rəqəmsal transformasiya sahəsində 30 ilə yaxın peşəkar fəaliyyət təcrübəsinə malikdir. O, müxtəlif dövrlərdə dövlət və özəl sektorda iri həcmli texnoloji layihələrin icrasına rəhbərlik edib, həmçinin HP, Microsoft və SAP kimi beynəlxalq informasiya texnologiyaları şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinə rəhbərlik vəzifələrində çalışıb.
Onun peşəkar fəaliyyəti dövlət və korporativ qurumlar üçün uzunmüddətli İT strategiyalarının hazırlanması və tətbiqi, strateji planlaşdırma, böhran şəraitində idarəetmə, eləcə də genişmiqyaslı institusional dəyişikliklərin və mürəkkəb layihələrin həyata keçirilməsi sahələrini əhatə edir.
Əsas iş fəaliyyəti ilə yanaşı, Rüfət Hacıəlibəyov ölkədə innovasiya və rəqəmsallaşma ekosisteminin inkişafına da töhfə verib. O, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü olub. Bundan başqa, 2017-ci ildən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasında təmsil olunur.
İnformasiya texnologiyalarının inkişafı istiqamətində göstərdiyi xidmətlər nəzərə alınaraq, Azərbaycan Prezidentinin 2021-ci il tarixli sərəncamı ilə Rüfət Hacıəlibəyov "Tərəqqi" medalı ilə təltif edilib.