Rusiya Finlandiyanı hədəf aldı - Nüvə silahı işə düşür ?
Finlandiyanın 2023-cü ildə NATO-ya rəsmən üzv olması və xüsusilə 2026-cı ildə ölkənin 1987-isilli Nüvə Enerjisi Qanununa etdiyi köklü dəyişikliklər Şimali Avropada balansı dəyişdi.
Helsinki rəhbərliyinin müharibə şəraitində NATO nüvə silahlarının öz ərazisində yerləşdirilməsinə və ya tranzitinə hüquqi icazə verməsi Moskvanı hiddətləndirdi. Rusiya rəsmiləri Finlandiyanın artıq "nüvə hədəfləri siyahısına" daxil edildiyini açıq şəkildə bəyan ediblər.
Rusiya üçün Finlandiyaya strateji zərbə vurmaq məntiqsizdir, çünki qitələrarası ballistik raketlər, strateji sualtı qayıqlar və ağır bombardmançı təyyarələrdən ibarət olan strateji nüvə silahları mahiyyət etibarilə "Qarşılıqlı Məhv Etmə" (MAD) doktrinasına xidmət edir. Bu silahların tətbiqi regional münaqişəni anındaca qlobal nüvə müharibəsinə çevirmək potensialına malikdir. Rusiyanın bu səviyyəli silahlara əl atması bir neçə fundamental səbəbdən məntiqsiz görünür.
Finlandiyaya vurulacaq hər hansı strateji zərbə NATO-nun kollektiv müdafiə mexanizmini dərhal işə salacaq. Bu isə ABŞ, Böyük Britaniya və Fransanın Rusiyanın birbaşa öz ərazisinə cavab zərbəsi endirməsi ilə nəticələnə bilər.
Rusiyanın yenilənmiş nüvə doktrinası strateji arsenalı dövlətin mövcudluğuna birbaşa təhdid yarandığı halda "son çarə" kimi nəzərdən keçirir. Finlandiyanın qanunvericilik addımları Moskva üçün ciddi siyasi narahatlıq yaratsa da, Rusiyanın suverenliyini tamamilə ortadan qaldıracaq bir təhlükə statusu daşımır.
Moskva strateji nüvə silahlarını real döyüş aləti deyil, yalnız ABŞ-ni birbaşa müdaxilədən çəkindirən qlobal çətir kimi saxlayır.
Strateji silahlardan fərqli olaraq, gücü 10 ilə 300 kiloton arasında dəyişən taktiki nüvə silahları konkret döyüş meydanında üstünlük qazanmaq üçün nəzərdə tutulub. Rusiyanın əlində olan təxminən 1900-2000 ədəd taktiki nüvə başlığı (İskander-M, Kinjal raketləri və dəniz əsaslı sistemlər) Finlandiya və Şimali Avropa üçün daha real təhlükə mənbəyidir.
Moskvanın hərbi strategiyasında "eskalasiya yolu ilə de-eskalasiya" konsepsiyası var. Ruslar ənənəvi müharibədə uduzmaq və ya strateji mövqeləri itirmək təhlükəsi yaranarsa, məhdud taktiki nüvə zərbəsi ilə rəqibi qorxudaraq danışıqlar masasına oturmağa məcbur edə bilər.
Jalə Rövşən