Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH
“Zəngəzur dəhlizinin yaradılması həm tarixi zərurət, həm də mühüm strateji əhəmiyyət daşıyan layihədir. Azərbaycan uzun illərdir ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında etibarlı kommunikasiyanın yaradılmasında maraqlı olub. Bu istiqamətdə siyasi iradə 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə nümayiş etdirildi”.
Bunu politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, üçtərəfli bəyanatın 9-cu bəndində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların yaradılması məsələsinin əksini tapması Zəngəzur dəhlizinin formalaşdırılması baxımından mühüm tarixi mərhələdir.
“Zəngəzur dəhlizi böyük bir coğrafiyada yeni nəqliyyat və kommunikasiya imkanları yaradacaq və gələcəkdə beynəlxalq əhəmiyyətli marşruta çevriləcək. Dəhliz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm komponenti kimi çıxış edəcək”, – politoloq vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən 42 kilometrlik hissə ilə yanaşı, Naxçıvan ərazisində dəmir yolu infrastrukturunun reabilitasiyası layihənin əhəmiyyətini artırır. Bu marşrut Mərkəzi Asiya və Çindən Xəzər dənizi, Azərbaycan, Naxçıvan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanı yarada bilər.
Ekspert beynəlxalq investorlardan ibarət konsorsiumun yaradılmasının da əhəmiyyətli olduğunu qeyd edib.
O, bildirib ki, Çin, Mərkəzi Asiya və Avropa ölkələrinin layihədə iştirakı həm investisiya imkanlarını genişləndirə, həm də dəhlizin təhlükəsizliyi və davamlı fəaliyyətinə əlavə təminat yarada bilər.
Politoloq, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan layihənin reallaşdırılmasında beynəlxalq investorlardan asılı deyil və Naxçıvandakı dəmir yolu infrastrukturunu öz imkanları hesabına da bərpa edə bilər.
Elşad Mirbəşiroğlu əlavə edib ki, Zəngəzur dəhlizinin gələcəkdə yalnız nəqliyyat deyil, enerji və rəqəmsal kommunikasiya imkanlarını da özündə birləşdirən çoxfunksiyalı marşruta çevrilməsi gözlənilir.
“Bu layihə reallaşdığı təqdirdə Azərbaycanı Mərkəzi Asiya, Çin, Türkiyə və Avropa arasında nəqliyyat, enerji və rəqəmsal əlaqələrin mühüm qovşaqlarından birinə çevirəcək”, – deyə politoloq fikrini sonlandırıb.
Jalə Rövşən