NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar!
İsrailin “Hapoel” basketbol klubunun sahibi Ofer Yannay NBA-in beşqat çempionu Dennis Rodmana üç günlük məşq seminarı keçirməsi üçün 100 min dollar təklif edib.
TodayPress TV “Fadeaway World”ə istinadən xəbər verir ki, təklifə aviabilet, lüks oteldə yerləşmə və Təl-Əvivin gecə həyatını kəşf etmək imkanı da daxildir.
Yannay Rodmanı xüsusilə ribaundlarla bağlı seminar keçirməyə dəvət etmək istədiyini bildirib.
“Ribaundlardan danışmaq əvəzinə, bunu sənətə çevirən insanı niyə dəvət etməyək? Sizi Təl-Əvivdə şəxsi qonağım və “Hapoel”in qonağı kimi qəbul etmək mənim üçün şərəf olardı. Sizə bir şeyi vəd edə bilərəm: burada mənim, klubumuzun və xüsusilə minlərlə azarkeşimizin sevgisini hiss edəcəksiniz”, – deyə Yannay bildirib.
“Həmçinin son illərdə İsrail çox ağır müharibə yaşayıb. İndi bura gəlmək, insanlara sevinc bəxş etmək, yeni təcrübə qazanmaq və bizimlə vaxt keçirmək üçün ən uyğun zamandır. Sizi Təl-Əvivdə qəbul etməkdən çox məmnun olardım”, – klub sahibi əlavə edib.
Namiq HUN