Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi
“Trabzonspor” klubunun prezidenti Məhəmməd Salahın transferi ilə bağlı iddialara münasibət bildirib.
TodayPress TV xəbər verir ki, “Trabzonspor”un prezidenti Ərtoğrul Doğan sabiq “Liverpul” ulduzu Məhəmməd Salahın Türkiyə klubuna mümkün keçidi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Klub rəhbəri bildirib ki, hazırda Salahın transferi ilə bağlı heç bir razılaşma əldə olunmayıb və futbolçunun Trabzona səfəri planlaşdırılmır.
“Müxtəlif iddialar səslənir, amma heç bir transfer razılaşması yoxdur. Belə bir plan olsaydı, media və azarkeşlərə məlumat verərdik. Kim Salah kimi futbolçunu komandasında görmək istəməz? Amma hazırda heç bir razılaşma yoxdur”, – deyə Ərtoğrul Doğan bildirib.
O, Salahla danışıqlar aparılıb-aparılmaması barədə danışmaq istəmədiyini vurğulayıb.
“Azarkeşlər də, mən də Salah kimi oyunçunu komandada görmək istəyirik. Amma hazırda nə transfer var, nə də onun Trabzona gəlməsi ilə bağlı plan”, – deyə klub prezidenti əlavə edib.
Ərtoğrul Doğan daha əvvəl Aral Şimşirin transferi ilə bağlı marağı təkzib etdikdən sonra futbolçunun heyətə cəlb olunmasını da izah edib.
Onun sözlərinə görə, həmin vaxt futbolçu üçün 25-30 milyon avro tələb olunurdu və klub danışıqlar prosesində öz maraqlarını qorumaq üçün ehtiyatlı mövqe tutmağa məcbur idi.
Qeyd edək ki, daha əvvəl Məhəmməd Salahın “Qalatasaray”la danışıqların nəticəsiz qalmasından sonra “Trabzonspor”a keçməyə yaxın olduğu barədə xəbərlər yayılmışdı.
Namiq HUN