FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər
2029-cu il Klublararası Dünya Çempionatının keçirilməsi təhlükə altına düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb.
Bildirilir ki, FIFA ilə Avropanın aparıcı klubları arasında turnirdə iştirakla bağlı razılıq əldə olunmadığı üçün 2029-cu ildə keçirilməsi planlaşdırılan Klublararası Dünya Çempionatı baş tutmaya bilər.
Yarışın ev sahibi ölkəsi də hələ müəyyənləşməyib. Turnirə ev sahibliyi etmək üçün Avstraliya, Yeni Zelandiya, Braziliya, Almaniya, Meksika və İngiltərə maraq göstərsə də, əsas namizədlər Qətər və ABŞ hesab olunur.
Qeyd edək ki, 2025-ci ildə ABŞ-də təşkil olunan Klublararası Dünya Çempionatı iyunun 14-dən iyulun 13-dək keçirilib. 32 komandanın iştirak etdiyi turnirin finalında PSJ-ni 3:0 hesabı ilə məğlub edən “Çelsi” çempion olub.
Namiq HUN