Premyer Liqaya çatmaq üçün Bundesliqadan nəhəng maliyyə gedişi
Bundesliqa 1 milyard avroluq kredit üçün ABŞ şirkəti ilə danışıqlar aparır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Almaniya Bundesliqasının (DFL) rəhbərliyi maliyyələşdirmə ilə bağlı ABŞ-ın “Apollo Sports Capital” investisiya şirkətinin təklifini nəzərdən keçirir.
Məlumata əsasən, iyun ayında Nyu-Yorkda DFL və “Apollo Sports Capital” nümayəndələri arasında qapalı görüş keçirilib. Tərəflər Bundesliqaya 20 il müddətinə kredit ayrılması məsələsini müzakirə ediblər.
Razılaşma çərçivəsində təminat kimi liqanın daxili televiziya hüquqlarının satışından əldə olunacaq gəlirlərdən istifadə edilməsi planlaşdırılır. Danışıqlar isə rəsmi tender keçirilmədən birbaşa aparılır.
Maliyyənin cəlb edilməsində əsas məqsəd Bundesliqanın beynəlxalq arenadakı mövqeyini gücləndirməkdir. Vəsaitlərin liqanın xaricdə tanıdılması, klubların xarici turnelərinin təşkili və marketinq layihələrinin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur.
DFL bununla hazırda maliyyə imkanları və qlobal tanınma baxımından Almaniya çempionatını qabaqlayan İngiltərə Premyer Liqası ilə fərqi azaltmağa çalışır.
Qeyd olunur ki, sövdələşmə hələ ilkin mərhələdədir və bunun reallaşması üçün Almaniya klublarının nümayəndələrinin razılığı tələb olunur. Daha əvvəl DFL-in özəl investorları cəlb etmək cəhdləri azarkeşlərin ciddi narazılığı ilə qarşılanmışdı.
Namiq HUN